Ermənistan parlamenti müxalifətin Şuşa bəyannaməsi ilə bağlı bəyanat layihəsini rədd edib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Hakim partiyanın deputatları tərəfindən sənəd dəstəklənməyib.
Deputatlar bildiriblər: “Bəyannamə təxribatçı və destruktiv xarakter daşıyır, Ermənistan üçün qəbuledilməzdir, regional və qlobal təhlükəsizliyə ən ciddi çağırışları ehtiva edir”.
Qanun layihəsinin müəllifi Andranik Tevanyan iclasdan sonra jurnalistlərə müsahibəsində hakimiyyətin qərarını biabırçı adlandırıb.
“Türkiyəyönümlü siyasətin hakim fraksiya tərəfindən bu qədər açıq şəkildə dəstəklənəcəyini gözləmirdim”, – Tevanyan bildirib.
Qeyd edək ki, fevralın əvvəlində Azərbaycan və Türkiyə prezidentləri 2021-ci ilin iyununda Şuşada imzaladıqları bəyannaməni təsdiqləyiblər.
Xuraman Etibarlı,
KONKRET.az
