Ermənistan parlamentinin vitse-spikeri: “Azərbaycan və Türkiyəyə nifrətdən əl çəkin”backend

Ermənistan parlamentinin vitse-spikeri: "Azərbaycan və Türkiyəyə nifrətdən əl çəkin"

Ermənistan parlamentinin vitse-spikeri Azərbaycan və Türkiyəyə qarşı nifrətdən əl çəkməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin iclasında hakim “Vətəndaş müqaviləsi” partiyasından parlamentin vitse-spikeri Akop Arşakyan deyib.

“Əziz həmvətənlər, əgər biz döyüşə gediriksə, döyüşməliyik. Amma heç bir halda kiməsə nifrət etməməliyik”, – deyə Arşakyan bildirib.

Vitse-spikerin sözlərinə görə, münaqişə baş verərsə, bunun üçün lazım olan bütün vasitələr tətbiq edilməlidir. Eyni prinsip danışıqlar prosesinə də aiddir.

  • “Dünyada çoxlu müharibələr olub. Münaqişə tərəfləri bir-birinə qarşı kimyəvi silahdan istifadə ediblər. Şəhərlər tamamiləq yer üzündən silinib. Kimyəvi silahların 15 min insanın ölümünə səbəb olduğu hallar olub. Şəhərlərin sakinlərinin hamısı ölüb. Buna baxmayaraq, bu ölkələr bu gün danışıqlar masası arxasına əyləşib dialoqa gedirlər. Onların dövlət maraqları var. Bu ölkələrin dövlət sərhədləri, dövlətçilik və milli maraqları var. Onlar bir-birinə bitişikdir və ticarət aparırlar”, – deyə Arşakyan əlavə edib.

O, hər kəsi qəlbində gizlənən nifrətdən əl çəkməyə çağırıb. Arşakyan əmindir ki, kiməsə, eləcə də konkret ölkəyə və xalqa nifrət, müalicəsi vacib olan xəstəlikdir.

“Bəzi siyasi qüvvələr və fiqurlar sizi nifrətə sövq edir. Niyə belə edirlər? Bilməlisiniz ki, nifrət idarə etmək və kölə etmək üçün ən yaxşı yoldur. Əgər nəyəsə və ya kiməsə nifrət edirsinizsə, deməli manipulyasiya olunursunuz. Kim sizi nifrətə sövq edirsə, deməli, kölə etmək istəyir. Onlar sizin gözlərinizi yumub nifrətinizdən başqa məqsədlər üçün istifadə etmək istəyirlər”, – deyə Arşakyan qonşularla münasibətlərin tez bir zamanda yaxşılaşdırılmasının vacibliyinə işarə edib.

Onun fikrincə, Ermənistan, Türkiyə və Azərbaycan arasında münasibətlərin gərginləşməsindən başqa oyunçular sui-istifadə edirlər.

“Mən istəyirəm ki, cəmiyyətimiz bilsin ki, müəyyən ölkələrə münasibətindən, bu və ya digər tarixi dövrdə baş verənlərdən asılı olmayaraq, biz hamı ilə danışacağıq.

Biz dialoqa girməliyik, çünki bu, bizim maraqlarımızdan irəli gəlir. Biz kiminsə alətinə, sövdələşmə obyektinə çevrilməməliyik”, – deyə vitse-spiker fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*