Ermənistan sərvətlərimizi necə talan edib? – ŞOK TƏFƏRRÜATLAR – FOTOLAR – VİDEObackend

Ermənistan sərvətlərimizi necə talan edib? - ŞOK TƏFƏRRÜATLAR - FOTOLAR - VİDEO

Elman Babayev, əməkdar jurnalist

Düşmənin əcnəbi şirkətlərlə birgə təbii ehtiyatlarla zəngin ərazilərimizdə milli sərvətlərimizi talan etməsi ilə bağlı faktlar

Ermənistan ötən 30 ilə yaxın dövrdə təkcə Azərbaycan torpaqlarını işğalda saxlamayıb, tarixi irsimizi məhv edib, bu müqəddəs torpaqlarda bizə məxsus bütün izləri silməyə çalışıb. Bununla kifayətlənməyən düşmən işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət göstərərək, təbii ehtiyatlarla zəngin ərazilərimizdə milli sərvətlərimizi talan edib. Və bu prosesdə xarici şirkətlərin də iştirakına nail olub.

Qısa haşiyə çıxıb nəzərə çatdıraq ki, işğal olunmuş Azərbaycan torpaqlarında ümumilikdə, 160 müxtəlif qiymətli metal yatağı mövcuddur. Bura Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqlar daxildir.

Ermənistanın ixracında dağ-mədən məhsulları sırasında qızıl, mis, sink filizləri və konsentratlarının mühüm yer tutması məhz Azərbaycanın tarixi torpaqlarındakı təbii sərvətlər hesabınadır. Qiymətli metalların konsentratlarının xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunub.

Ermənistan genişmiqyaslı talan əməliyyatını təkbaşına həyata keçirməyib. Bura  Fransa, Kanada, İsveçrə, digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamlarını cəlb edib. Azərbaycan ərazisində yataqların istismarına cəlb olunan bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir.

V.Simakes 1956-cı ildə İstanbulda anadan olub və 18 yaşında İsveçrəyə köçüb. Hazırda İsveçrənin erməni diasporunun maliyyə donoru hesab olunan V.Simakes “ArmSwissBank” bankının təsisçisidir, bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinə sahibdir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu “Franck Muller” şirkəti dünyada yeganə nümayəndəliyini məhz Ermənistanda açıb. Keçmiş prezident Serj Sarkisyanın fərmanı ilə Ermənistanın Fransadakı Baş Konsulu təyin olunub və “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Xüsusi vurğulamaq yerinə düşər ki, yataqların istismarında nəinki xarici koorporasiyalar, həm də ofşor zonalarda saxta şirkətlər yaratmaq yolu ilə Ermənistanın siyasi rəhbərliyi də yaxından iştirak edib. Bu sıraya R.Koçəryan-S.Sarkisyan cütlüyü, keçmiş səfir və indiki prezident Armen Sarkisyan və baş nazir N.Paşinyan daxildirlər.

Dəqiqləşdirilmiş məlumatlara əsasən, V.Sirmakesin Kəlbəcərin “Söyüdlü” və Zəngilanın “Vejneli” yataqlarından oğurlanan qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılıb. Simarkes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır.

Xatırladaq ki, 2001-ci ildə “Franck Muller”in Ermənistandakı nümayəndəliyi açılan zaman şirkətin təmsilçisi burada saatların qızıl çərçivələri üçün 18 karatlıq qızıl və 550 əyyarlıq platindən istifadə olunacağını bəyan etmişdi.

İsveçrəli biznesmenin Ermənistanda qiymətli materialların emalı zavodunun inşasına hazırlaşdığı barədə də məlumatlar var. O, zavodun tikilməsi planını 6 il əvvəl – 2014-cü ildə açıqlayıb və Ermənistan Mərkəzi Bankı ilə müvafiq memoranduma imza atıb. Hasil edilən qızılı dünya bazarına çıxarmaq məqsədi ilə 2020-ci ildə Ermənistanda Affinaj (qızıl emalı) zavodunun açılması nəzərdə tutulur. Əsas investor Vartan Sirmakesdir.

Rəsmi statistikaya görə, Ermənistandan ixrac edilən məhsulların böyük bir hissəsi Vartan Sirmakesin vətəni olan İsveçrəyə ixrac olunur. 2019-cu ildə Ermənistan məhsullarının ixrac edildiyi ölkələr sırasında ikinci ən böyük paya sahib olan ölkə məhz İsveçrədir – ixracda bu ölkənin payı 17.4% (457 milyon dollar) həcmində olub.

Azərbaycan ərazisində hasil olunan qızıl resursları Ermənistana gətirilir, Ermənistanda müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarına çıxarılaraq, orada satışı həyata keçirilir.

Azərbaycan bu cinayətlərə seyrçi mövqe tutmayıb. Hələ 5 il əvvəl Azərbaycanın Baş Prokurorluğu Vartan Sirmakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. İstintaq materiallarında Azərbaycan tərəfi Sirmakesin qanunsuz iqtisadi fəaliyyəti və xüsusilə də, qızıl yataqlarının qeyri-qanuni istismarında iştirakı ilə bağlı kifayət qədər məlumatlar əks olunub. Bütün bu faktlar İsveçrə Konfederasiyası Baş Prokurorluğuna da təqdim edilib.

İndi bu yataqlar tədricən əsl sahibinə qaytarıldıqca, açılan cinayət işləri ilə bağlı da digər zəruri addımlar atılacaq.

Xalqımızın sərvətlərinin talanmasında düşmənlə əlbir olanlar cəzasız qalmayacaq. Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycana vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq. Vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri və s. ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycana vurduğu zərər qiymətləndiriləcək. Düşmən ölkənin, onun əvvəlki və indiki rəhbərlərinin, bu prosesdə iştirak edən xarici şirkətlərin, onların rəhbərlərinin məsuliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbirlər görüləcək. O gün uzaqda deyil…

Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində işğaldan azad olunan ərazilərimizdə xalqımıza məxsus milli sərvətlərimizin bir qismi geri qayıdıb. Bu sırada Vejnəli qızıl yatağı da var.

Azərbaycan Ordusu tərəfindən yenicə işğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində yerləşən Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir və burada 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilib, 14,15,16,19,21 və 24-cü zonalar üzrə Cı+C2 kateqoriyası ilə ehtiyatlar hesablanıb.

Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilib. 1962-1971,1976-1981 və 1983-1984-cü illərdə geoloji-axtarış və kəşfiyyat işləri aparılıb.

Vejnəli qızıl yatağı 1984-cü ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul olunub.

Yatağın təsdiq edilmiş ehtiyatları:

  • C1 kateqoriyası üzrə filiz-183 min ton, qızıl – 2,169 ton;
  • C2 kateqoriyası üzrə filiz – 433 min ton, qızıl – 4,347 ton

təşkil edib.

Bundan başqa,

  • C1 kateqoriyası üzrə gümüş – 0,19 ton;
  • C2 kateqoriyası üzrə gümüş – 9,9 ton;
  • C1 kateqoriyası üzrə mis – 0,2 min ton;
  • C2 kateqoriyası üzrə mis – 2,8 min ton

təşkil edib.

Xatırladaq ki, Azərbaycanda qızılçıxarma sənayesinin yaradılması məqsədi ilə Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə” 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş “Azərqızıl” DŞ ilə ABŞ-ın “RV Investment Group Sevrvices LLS” arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Amma Söyüdlü (Zod), Qızılbulaq və Vejnəli yataqları ermənilərin işğalı altında olduğuna görə, həmin yataqlar üzrə işlərin aparılması mümkün olmayıb.

Bütün bu faktlar tarixi torpaqlarımızda nə qədər zəngin sərvətlər olduğunu bir daha ortaya qoyur. Azərbaycan Ordusunun xilaskarlıq missiyası nəticəsində bu zəngin torpaqların hamısının azad olunacağı, xalıqmızın, bölgənin rifahında rol oynayacağı gün yaxındadır…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*