Ermənistan üçün Rusiya ilə ittifaq təhlükəsi haqda XƏBƏRDARLIQ – İLGİNC DETALLARbackend

Ermənistan üçün Rusiya ilə ittifaq təhlükəsi haqda XƏBƏRDARLIQ – İLGİNC DETALLAR

ABŞ Senatı dövlət katibi Entoni Blinkeni Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımağa çağıran qətnamə qəbul edib. Blinken bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticələri rəsmi Kremlin terrorizmin sponsoru siyahısına salınmasına bərabərdir. Lakin Dövlət Departamenti bu məsələni araşdırır. Görünən odur ki, ABŞ-da sanksiyalarla məhdudlaşmamağa qərar veriblər.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Qalust Qriqoryanın yazdığı məqalədə əks olunub.

“Senatın iyulun 27-də qəbul etdiyi qətnamədə Rusiyanın İkinci Çeçenistan müharibəsi zamanı mülki şəxslərə qarşı tətbiq etdiyi gücdən, habelə Moskvanın 2014-cü ildən Donbassda dinc ukraynalılara qarşı törədilən qəddarlıqda separatçılara dəstəyindən bəhs olunur”.

“İndi ABŞ-ın terrorizmin sponsorları siyahısında dörd ölkə var: Bunlar Suriya, İran, Şimali Koreya və Kubadır. Görünür, indi bu siyahını Rusiya tamamlayacaq. Təbii ki, Rusiya özünü elə göstərəcək ki, heç bir dəhşətli hadisə baş verməyib. Bütün telekanalların təbliğatçıları ABŞ-ın fərqli fikrlər irəli sürəcəklər. Amma reallıq tamam başqadır. Məsələ burasındadır ki, ABŞ tərəfindən hər hansı ölkənin terrorun sponsoru kimi tanınması ciddi məhdudiyyətlər nəzərdə tutur: müdafiə sektoru üçün malların ixracına qadağa, ikili təyinatlı məhsulların ixracına nəzarət, maliyyə məhdudiyyətləri və sairə” – Qriqoryan bildirib.

Sanksiyalara uyğun olaraq Rusiyaya qarşı bu tədbirlər artıq həyata keçirilir. Lakin baş verənlər sanksiyaların uzun müddət ləğv olunmayacağına zəmanətdir. Ona görə də Kremlin sanksiyaların ləğvinə nail olmaq üçün bütün ümidləri puç olub.  Bu, Rusiya iqtisadiyyatının asta-asta, lakin əminliklə məhv edilməsi deməkdir. Yeganə sual bunun nə vaxt olacağıdır. Eyni zamanda, Rusiya iqtisadiyyatının avtomobil sənayesi kimi bütöv sektorları artıq iflasa uğrayıb. Rusiya bizi də bu bataqlığa sürükləyə bilər. Axı qanuna görə, hansısa ölkə terrorun sponsoru kimi tanınarsa, ABŞ onunla ticarət əlaqələri saxlayan digər dövlətlərə qarşı da sanksiyalar tətbiq edə bilər. Bizim isə Rusiya ilə ticarət əlaqələrimiz var. Amma daha təhlükəlisi odur ki, biz Rusiya ilə bir sıra ittifaqlardayıq” – müəllif vurğulayıb.

“Burada Rusiyanın hərbi bazası var və Ermənistan təəssüf ki, Cənubi Qafqazda Rusiyanın əsas müttəfiqi statusundadır. Ona görə də kimin nə deməyindən asılı olmayaraq, bizim üçün problem qaçılmazdır. Bunu necə həll edəcəyimiz isə bəlli deyil” – müəllif fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*