Ermənistan və Rusiya birgə cavab verəcək: “Qarabağda antiterror əməliyyatları qaçılmazdır” – VİDEObackend

Ermənistan və Rusiya birgə cavab verəcək: “Qarabağda antiterror əməliyyatları qaçılmazdır” - VİDEO

Son günlər cəbhədə ermənilərin təxribatı səngimək bilmir. Artıq vəziyyət elə həddə çatıb ki, mənfur düşmən mövqelərimizi atəşə tutmaqdan da çəkinmir. Bu təxribatlar nəticəsində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Laçın rayonunda şəhid verməyimiz isə hadisələrin pik nöqtəsi sayıla bilər. Baş verənlərə Azərbaycan ordusu layiqli cavab verir və düşmən təxribatlarının qarşısı alınır. Lakin görünən odur ki, Ermənistan tərəfinin öhdəliklərini yerinə yetirməməsi digər adekvat addımların atılmasını zərurətə çevirib.

Bəs görəsən Azərbaycan tərəfi antiterror əməliyyatlarına başlaya bilərmi?  

Mövzunu KONKRET.az-a şərh edən hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov bildirib ki, son günlər istər Rusiya, istər Avropa, istərsə də ABŞ tərəfindən Ermənistana yüksək səviyyədə gerçəkləşən səfərlər erməni tərəfini ruhlandırır: “Onlarda Azərbaycan torpaqlarının bir qismini yenidən işğal edə biləcəklərinə dair ümidlər yaradır. Digər tərəfdən ikitərəfli razılaşmaya əsasən alternativ Laçın yolunun açılması, qoşunların tam çıxarılması məsələsi artıq Azərbaycan Prezidenti tərəfindən həm Ermənistan rəhbərliyi, həm də Rusiya sülhməramlıları qarşısına konkret şəkildə qoyulub. Bütün bunların qarşısını almaq üçün isə ermənilər təxribata əl atırlar ki, aranı qarışdırsınlar. Beləcə yenidən “yazıq” erməni cildinə girərək baş verənləri Azərbaycanın üzərinə atsınlar. Faktiki olaraq məsələ bundan ibarətdir. Nəinki Laçınla sərhəd istiqamətindən, həmçinin bizimlə ən yaxın mövqelərdən biri olan Xocavənd rayonunun Əmiralılar kəndi tərəfdən də ermənilər mövqelərimizi atəşə tutur. Hərçənd bu ərazilər müharibə vaxtı belə nisbətən sakit yerlər sayılıb. İstər daxildən, istərsə də sərhəd ərazilərdən atəşkəsi pozurlar. Təbii ki, Azərbaycan tərəfi həm xəbərdarlıq edir, həm də adekvat tədbirlər görür. Məlum məsələlərə görə bunu açıqlamaq doğru olmasa da, Azərbaycan tərəfi adekvat addımlar atır”.

Tərlan Eyvazov əlavə edib ki, Rusiya özünü Qarabağda sülh tərəfdarı kimi göstərməyə çalışsa da, əslində proseslər fərqlidir: “Biz baş verənlərə susqun qalmayacağıq. Çünki razılaşmalar mütləq yerinə yetirilməlidir. Əgər öhdəliklər yerinə yetirilməsə, Azərbaycan tərəfi antiterror əməliyyatı keçirməklə mövcud vəziyyəti yoluna qoyacaq. Biz qələbə qazanmamışıq ki, yenidən şəhidlər verək. Deməli baş verənlərə son qoyulmalıdır və Ermənistan tərəfi Rusiya ilə birgə buna cavab verməlidir. Amma görünən odur ki, antiterror əməliyyatları qaçılmaz olacaq. Çünki proseslər yüksələn xətt üzrə cərəyan edir. Təbii ki, burada Rusiyanın rolu danılmazdır. Çünki Kreml münaqişənin alovlanmasında maraqlıdır. Ermənistan rəhbərliyi bunu başa düşsə də, təəssüflər olsun ki, baş verənlərin qarşısını almaqda acizdir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*