Politoloq Andrey Perla Alpha News-a verdiyi müsahibədə Nikol Paşinyan hakimiyyəti dövründə Ermənistanın xarici siyasət kursunu və Ermənistan Milli Məclisinin yeni sədrinin Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla ilk beynəlxalq telefon danışığını şərh edib.
KONKRET.az xəbər verir ki, ekspertin sözlərinə görə, Paşinyanın rəhbərliyi altında Ermənistan, xüsusilə son bir ildə, Rusiyanın müttəfiqi statusundan sürətlə uzaqlaşaraq Avropa İttifaqı ölkələrinin tərəfdaşına çevrilir.
Perla bildirib: “Paşinyan, görünür, nə etdiyini tam anlamır, onun” “Vətəndaş müqaviləsi” partiyasındakı silahdaşları isə bunu daha da az anlayırlar. Ermənistan çox asanlıqla Avropa İttifaqının Rusiyaya qarşı istifadə etdiyi alətlərdən birinə çevrilir. O cümlədən, Aİ üçün vacib olan Ukraynaya dəstəyin nümayiş etdirilməsi məqsədilə istifadə olunur”.
Politoloq qeyd edib ki, İrəvanın addımlarını Moskvaya qarşı dostcasına olmayan jestlərdən başqa cür qiymətləndirmək çətindir və bunun nəticələri ola bilər. Onun sözlərinə görə, “Rusiya artıq Ermənistana faktiki olaraq Aİİ ilə Avropa İttifaqı arasında seçim etməyi təklif edib. Rusiya Ermənistanla ticarət dövriyyəsini mümkün olduğu qədər azaldıb. Son məlumatlara əsasən, bu il ticarət dövriyyəsi 3 milyard ABŞ dollarından da aşağı düşəcək. Ermənistan üçün bu, fəlakətdir”.
Perlanın fikrincə, Rusiya ilə münasibətlərin pisləşməsinin iqtisadi nəticələri Ermənistan üçün Avropa İttifaqı ilə yaxınlaşmanın mümkün faydalarından daha ağır olacaq.
O bildirib: “Hətta ən ehtiyatlı proqnozlara görə, Ermənistan ÜDM-in təxminən 20%-ni itirəcək. Bunu nə Avropa İttifaqı, nə də Ukrayna ilə dostluq kompensasiya edə bilməz. Lakin Paşinyanın və Rubenyanın himayədarları üçün əsas məsələ ermənilərin rifahı deyil, onların Ukraynaya dəstək nümayiş etdirməsidir”.
Sonda Perla proqnoz verib ki, bu ilin və xüsusilə gələn ilin nəticəsi olaraq Ermənistanda əhalinin həyat səviyyəsi kəskin pisləşə, Rusiyaya miqrasiya arta və uzunmüddətli perspektivdə ölkənin xarici siyasəti yenidən Rusiyaya yönələ bilər.
Ağagül Mürsəlov,
KONKRET.az
