“Uzun illər torpaqlarımızı işğal altında saxlayan Ermənistanla nəqliyyat infrastrukturunun yaradılması istiqamətində müəyyən ortaq mövqe formalaşır”.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Ajans.az-a açıqlama verib.
Deputat bildirib ki, regionda baş verən proseslər nəqliyyat və logistika sahəsində yeni imkanlar yaradır:
“Dünyada baş verən münaqişələr, müharibələr, terror hadisələrinin artması, miqrasiya axını və müəyyən xəstəliklər fonunda bəzi dövrlərdə quru yolların bağlanması və məhdudlaşdırılması zərurətə çevrilirdi. Bu da dövlətlərin öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə yönəlmiş bir yanaşma idi”.
O qeyd edib ki, Bakı-Tbilisi-Bakı marşrutunun dəmir yolu vasitəsilə istifadəyə verilməsi müsbət addımdır:
“Bakı-Tbilisi-Bakı marşrutu açılırsa və dəmir yolundan istifadə reallaşırsa, bu çox yaxşı haldır. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına daim diqqət yetirilib və bu gün də bu məsələ prioritet olaraq qalır”.
Tahir Rzayev əlavə edib ki, Zəngəzur dəhlizinin açılması və yeni nəqliyyat yollarının salınması da gündəmdədir:
“Dövlətin təhlükəsizliyi qorumaq və insanların rahatlığını təmin etmək bu gün ən vacib məsələlərdəndir. Quru nəqliyyat dəhlizlərinin inkişafı həm iqtisadi inkişafa, həm ticarət və turizmin genişlənməsinə, həm də insanların sərbəst hərəkətinə imkan yaradır”.
Onun sözlərinə görə, gələcəkdə yeni marşrutların açılması istisna edilmir:
“Bütün məsələlər müvafiq qurumlar tərəfindən ölçülüb-biçilir. Bu gün Bakı–Tbilisi marşrutu istifadəyə verilibsə, gələcəkdə digər marşrutların da açılması planlaşdırıla bilər”.
O həmçinin region ölkələri ilə əlaqələrə də toxunub:
“Uzun illər torpaqlarımızı işğal altında saxlayan Ermənistanla nəqliyyat infrastrukturunun yaradılması istiqamətində müəyyən ortaq mövqe formalaşır. Azərbaycandan Ermənistana yük daşımalarına icazə verilib. Gələcəkdə sabitlik və sülh təmin olunduqdan sonra sərnişin daşımalarının da açılması mümkündür”.
Deputat vurğulayıb ki, nəqliyyat dəhlizlərinin genişləndirilməsi Azərbaycanın region ölkələri — Rusiya, Türkiyə, İran və digər dövlətlərlə əlaqələrinə də müsbət təsir göstərə bilər:
“Bu imkanlar genişlənərsə, ölkəyə turist axını da artacaq, iqtisadi və sosial əlaqələr daha da güclənəcək”.
