“Xalq 8 il əvvəl həyatı yaxşılığa doğru dəyişmək üçün küçələrə çıxmışdı, lakin bunun əvəzində ölüm, göz yaşları və vətən itkisi ilə qarşılaşdı”.
KONKRET.az xəbər verir ki, bu bəyanatla mayın 31-də İrəvanın Azadlıq meydanında keçirilən izdihamlı mitinqdə “Ermənistan” blokunun deputatlığa namizədlər siyahısında yer alan Sevak Xaçatryan çıxış edib.
Xaçatryan hakimiyyətin siyasətini və seçkiqabağı vədlərini kəskin tənqid edib:
“2021-ci ildə bizim siyasi komanda xəbərdarlıq edirdi ki, hakimiyyət yenidən seçilərsə, Ermənistanı və Qarabağı (mətndə ‘Arsax’) yeni fəlakət gözləyir. Təəssüf ki, indi də yalan təbliğatını davam etdirən bu “şər hakimiyyətinə” inananlar var. Müxalifətə hücum etməkdən başqa, hakimiyyət erməni kimliyi ilə bağlı heç bir proqram təqdim etmir. Əksinə, onlar seçki proqramında xalqı erməni kilsəsini dağıtmaq və yeni ərazilər təhvil vermək üçün onlara səs verməyə çağırıblar. İyunun 7-də bütün bunların qarşısını almaq lazımdır”.
O, “Ermənistan” blokunun hakimiyyətə gələcəyi təqdirdə atacağı addımlardan da danışıb. Xaçatryanın sözlərinə görə, blokun proqramına hərbçilərin maaşlarının əhəmiyyətli dərəcədə artırılması, sərhədyanı yaşayış məntəqələrində ev tikintisi üçün dövlət dəstəyinin çoxaldılması, tələbələrə pulsuz ali və orta ixtisas təhsilinin verilməsi, eləcə də kəndlilərin məhsul satışı problemlərinin həlli daxildir.
Çıxışının sonunda hakim partiyanı hədəf alan müxalif namizəd ağır ittihamlar səsləndirib: “Mən onlardan soruşuram: “Mülki Müqavilə” partiyasından niyə bir nəfər də olsun vətənin müdafiəsində iştirak etmədi, hətta yüngül xəsarət də almadı? Çünki sizlərdən heç kim orada olmayıb. Bu insanlar hakimiyyətə yalanla gəliblər, yalanla idarə edirlər və indi də yalanın təbliğatını aparırlar”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
