Ermənistanda “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın kürəkəni, Ermənistanın keçmiş baş naziri Hovik Abramyanın oğlu, keçmiş deputat Arqam Abramyan saxlanılıb.
KONKRET.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Abramyanı sifarişli qətlin təşkilinə təhrik etməkdə şübhəli bilərək həbs ediblər. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqın məlumatına görə, Abramyanın adı 2023-cü il aprelin 30-da İrəvanda baş vermiş qətl hadisəsinin araşdırılması zamanı üzə çıxıb. O, qətli törətməsi üçün digər şəxsə tapşırıq verməkdə ittiham olunur.
İstintaqın versiyasına görə, Abramyan həyat yoldaşının S.V. adlı şəxslə əlaqədə olmasından və ona böyük məbləğdə pul verməsindən şübhələnib. Bundan sonra o, qisas almaq məqsədilə həmin şəxsin öldürülməsini planlaşdırıb.
İstintaq Komitəsi iddia edir ki, Abramyan qətli şəxsən törətmək əvəzinə, maddi və şəxsi baxımdan ondan asılı olan təhlükəsizlik xidmətinin əməkdaşı G.X.-yə tapşırıb.
Məlumatı Ermənistan mediası ölkənin hüquq-mühafizə orqanlarının açıqlamalarına istinadən yayıb.
Günay Əli
KONKRET.az
