Ermənistandan təxribat qrupunun girməsi… – Bayramovbackend

Bu beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır... - Bayramov

Nəqliyyat infrastrukturunun inşası Cənubi Qafqazda iqtisadi inkişafa müsbət təsir göstərəcək.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” agentliyinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq əsasında bərpa etilməsi ilə başa çatması 1990-cı illərin əvvəllərində etnik təmizləmə nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən öz torpaqlarından qovulmuş yüz minlərlə azərbaycanlı qaçqının öz evlərinə qayıtmağına imkan verəcək:

“Biz postmünaqişə reabilitasiyası və dinc formada birgə yaşayışın bərpasında yeni bir səhifə açırıq. Burada əsas məsələ Ermənistan və Azərbaycan arasındakı razılaşmaların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq düzgün bir şəkildə həyata keçirilməsidir. Bu, bölgədə davamlı sülh, təhlükəsizlik, sabitlik və rifahın yeganə yoludur. Bununla əlaqədar İtaliyaya hökumət və parlament səviyyəsində 10 noyabr tarixli bəyanata verdiyi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm”.

Sülhməramlıların Qarabağ regionunda rolu haqqında danışan Ceyhun Bayramov bildirib:

“Rusiya sülhməramlıları 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən, postmünaqişə zonasında yerləşdiriliblər”.

Nazir əlavə edib ki, 2020-ci il noyabr ayının sonunda Ermənistandan Azərbaycan ərazisinə təxribat qrupunun girməsi istisna olmaqla, bu günə qədər bəyanatla bağlı heç bir ciddi pozuntu olmayıb:

“Digər bir təhlükəsizlik təhdidi isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalar və partlamamış hərbi sursatlarla sıx şəkildə minalanmasıdır. Bu günə qədər Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir, bu isə beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır və çoxsaylı insan tələfatına səbəb olur”.

Nazir əlavə edib ki, nəqliyyat infrastrukturunun yaradılması Cənubi Qafqazda müsbət iqtisadi inkişafa səbəb ola bilər:

“Yeni nəqliyyat xətti Azərbaycanı təxminən 30 ildir Ermənistan tərəfindən mühasirəyə alınan Naxçıvanla birləşdirəcəkdir. Bu, həmçinin Cənubi Qafqaz ölkələri və qonşuları arasında əlaqəni yaxşılaşdıracaqdır. Yeni nəqliyyat landşaftı iqtisadi əməkdaşlığa və inkişafa kömək edəcək, bu da regional və beynəlxalq miqyasda müsbət təsiri təmin edəcək”.

C.Bayramov bu yaxınlarda İtaliyanın “Ansaldo” şirkəti ilə azad edilmiş ərazilərdə elektrik enerjisi təchizatı üzər vacib razılaşmanın imzalandığını nəzərə alaraq bu müddətdə İtaliya şirkətləri üçün gələcək imkanları da qeyd edib.

Nazirin sözlərinə görə, indi Azərbaycan Vətən müharibəsindən sonra postmünaqişə dövrünə qədəm qoyub və azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlayıb: “Qlobal iqtisadiyyat ressisiya yaşadığından, Azərbaycanın başlatdığı genişmiqyaslı yenidənqurma layihələri böyüməyə təkan verə və bərpanı yaxşılaşdırmaq üçün əlavə imkanlar yarada bilər”

C.Bayramov əlavə edib ki, bu kontekstdə minaların təmizlənməsi prioritetdir: “Nəqliyyat, rabitə, enerji, mədəniyyət və tarixi abidələrin bərpası sahəsində genişmiqyaslı işlər nəzərdə tutulub. İtaliya şirkətləri bu sahələrdə geniş təcrübəyə malikdirlər. İtaliya hökuməti və şirkətləri yenidənqurma və bərpa işlərində iştirak etməkdə maraqlı olduqlarını artıq açıqlayıblar. Mümkün əməkdaşlıq sahələri müzakirə olunur”.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*