İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi ABŞ bazalarının yerləşdiyi Fras körfəzi ölkələrinə xəbərdarlıq edib.
KONKRET.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, M. Musəvi həmin ölkələrin ərazisindən İrana hücum ediləcəyi halda, buna qarşılıq veriləcəyini bildirib.
“Əgər bundan sonra düşmən həddini aşarsa, bu dəfə hara desəniz, hədəfimiz ora olacaq”, – Musəvi qeyd edib.
“İranın cənubundakı qonşu ölkələrin sakinləri bilməlidirlər ki, əgər onların ərazisi və resursları düşmənlər tərəfindən İran xalqına hücum etmək üçün istifadə olunarsa, Yaxın Şərq regionunda neft hasilatı ilə vidalaşmalı olacaqlar”, – o vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Danışıqların yeni raundu yaxın günlərdə keçirilə bilər.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.//report.az
