Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu 44 gün ərzində Qarabağı işğaldan azad etməklə dünyaya səs salmağı bacardı. Beləcə bütün dünya Azərbaycanı qalib ölkə kimi tanıdı. Xalqın milli qüruru və kimliyi özünə qaytarıldı. Vətən müharibəsinin nəticələri Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə əzmini, sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Azərbaycan dövləti həm müharibə zamanı, həm də müharibədən sonra üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək, düşməni döyüş meydanında olduğu kimi informasiya cəbhəsində də yerində oturtmağı bacardı. Ermənilərin 30 illik işğal dövründə Qarabağda törətdikləri vəhşiliklər, dinc sakinlərə qarşı insanlığa sığmayan qətliamlar, ölkəmizə vurulan ziyanlar haqda dünya ictiamiyyəti məlumatlandırıldı. Bu məsələdə xüsusən ölkə başçısı İlham Əliyevin 44 günlük müharibə dövründə dünyanın 30-dan çox nüfuzlu Kütləvi İnformasiya Vasitələrinə verdiyi müsahibələr olduqca mühüm rol oynadı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur və öyrənilir. Eyni zamanda Azərbaycan tarixi Zəfər əldə etməklə olduqca mühüm geostrateji reallıqlar yaratdı. Bu gerçəkliklər regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar yaradır. Üstəlik, yeni reallıqlar təkcə Azərbaycan dövləti üçün deyil, həm də region xalqları və ölkələri üçün strateji əhəmiyyət daşıyır və mühüm perspektivlər vəd edir.
Qeyd etmək lazımdır ki, qazanılan tarixi qələbədən sonra ermənilərin vandalizm hərəkətlərinin və müharibə cinayətlərinin üstü daha çox açıldı. Belə ki, Xocalı soyqırımını bizə yaşadan, tarixi abidələrimizi məhv edən Ermənistan 44 günlük müharibə dövründə də Bərdəyə, Tərtərə, Gəncəyə raket atmaqla və mülki insanları hədəfə almaqla öz iç üzünü dünyaya göstərdi. İstər canlı qüvvəyə, istər flora və faunaya qarşı həyata keçirilən cinayətlərin dünyaya çatdırılması üçün Azərbaycan hökuməti hər zaman əlindən gələni edib. Məsələn, beynəlxalq müşahidəçilərin müharibədən sonra Qarabağa dəvət edilməsi, onlara ermənilərin törətdiyi vəhşiliklər barədə məlumatların verilməsi buna misal göstərilə bilər. Eyni zamanda İlham Əliyev bütün yüksək tribunalardan çıxışlarında, görüşlərində, beynəlxalq səviyyədə aparılan danışıqlarda birmənalı şəkildə Ermənistanın törətdiyi müharibə cinayətləri haqda geniş məlumatlar verir. Bundan başqa Heydər Əliyev Fondu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində olduqca səmərəli fəaliyyət göstərir. Şuşada keçirilən görüşlər, bexnəlxalq simpoziumlar, festivallar, diasporun qurultayı və digər ölkə və beynəlxalq əhəmiyyətli tədbirlər də ölkə həqiqətlərinin yayılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Görülən işlərin nəticəsidir ki, dünya mediası Ağdam ərazisini Xirosimaya bənzədirlər. Ermənilərin hətta tariximizi məhv etmək üçün qəbiristanlıqlarımızı da vandallıq aktına məruz qoyduğunu etiraf edirlər.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Prezident tərəfindən həm beynəlxalq mediaya, həm də ölkə mətbuatına verilən açıqlamalarda Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər xüsusi vurğulanıb: “Eyni zamanda bu günə kimi Ermənistanın Azərbaycan xalqına və dövlətinə qarşı həyata keçirdiyi çoxvektorlu cinayət hadisələri beynəlxalq hüquqda öz obyektiv qiymətini almayıb. Azərbaycan Xarici İşlər Nazirliyi həm sentyabr ayında, həm də bu yaxınlarda ikinci dəfə Haaqadakı beynəlxalq ədalət məhkəməsinə Ermənistanın törətdiyi cinayətlərlə bağlı müraciət edib. Ümid edirəm ki, beynəlxalq ədalət məhkəməsindən biz hansısa qərarları eşitməyə nail olacağıq. Ümumilikdə isə Müzəffər Ali baş Komandanın da vurğuladığı kimi, bu gün Ermənistanın cinayətlərinə göz yumulması dünyada çox pis tendensiyaların yaranmasına səbəb olur”.

Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusuna həsr olunub.

