Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov ölkədə hazırkı hakimiyyətin xarici siyasət kursunu tənqid edib.
KONKRET.az xəbər verir ki, erməni siyasətçinin sözlərinə görə, indiki vəziyyətdə Ermənistanın qarşısında üç variant var:
“Ən arzu olunanı milli dövlətçiliyin bərpasıdır. İkinci və ya üçüncü yolun seçilməsi faciəyə gətirib çıxaracaq. ikinci yol respublikanın Ukraynaya çevrilməsidir, çünki Ermənistan Ukrayna ilə eyni aqibəti yaşayacaq. Üçüncü yol isə ölkənin vilayətləşdirilməsidir”, – deyə Şarmazanov bildirib.
Sabiq deputat İrəvanın Qərbə doğru yönəlmiş xarici siyasətini tənqid edib. Onun fikrincə, Ermənistan Qərbin planını qəbul edib açıq şəkildə Rusiyaya qarşı çıxsa, bu, respublika üçün ağır nəticələrə səbəb olacaq.
“Qərbə bir şey lazımdır: bir əsrdir ki, o, Rusiyanı bu regiondan sıxışdırıb çıxarmağa çalışır. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bütün ruslara qarşı mübarizədə Qərbin küt alətinə çevrilib”, – deyə siyasətçi əlavə edib.
Şarmazanov qeyd edib ki, Qərb öz məqsədinə çatmaq üçün Gürcüstanda Mixail Saakaşvilidən, Ukraynada Volodimir Zelenskidən, Ermənistanda isə Nikol Paşinyandan istifadə edir.
Qərb rəsmiləri əsl məqsədlərini belə gizlətmirlər. Rusiya böyük əraziyə malik super dövlətdir. Rusiyaya tərəf daş atırsan, daha böyük daşla cavab verməyə hazır olmalısan. Amma bundan sonra da ayaq üstə dura biləcəksənmi?” – Şarmazanov sual edib.
O, əmindir ki, nə Fransa, nə də bütövlükdə Aİ Ermənistanın təhlükəsizlik problemlərini həll etmək iqtidarında deyil.
Günel Mikayılova,
KONKRET.az