Ət bahalaşacaq – Qiymət artımının səbəbləri AÇIQLANDIbackend

Ət bahalaşacaq - Qiymət artımının səbəbləri AÇIQLANDI

“Son illərin bazar dinamikası ölkəmizdə ət və ət məhsullarının qiymətlərinin mövsümi amillərin təsiri ilə formalaşdığını göstərir. Xüsusilə yay aylarının sonu və payız mövsümünün başlanğıcı ərəfəsində mal və qoyun ətinin qiymətlərində bahalaşma meyli müşahidə olunur. Bu tendensiya yalnız daxili bazarın xüsusiyyətləri ilə deyil, eyni zamanda yem bazarında baş verən dəyişikliklər, idxal xərcləri, istehlak tələbi və heyvandarlıq sahəsində istehsal xərclərinin artması ilə şərtlənir”.

Bu fikirləri AR Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) səsləndirib.

Qadınların pensiya yaşı 65-ə qalxır, tək yaşayanlar isə… — ŞAD XƏBƏR —  TodayPress.tv

“Mövcud iqtisadi göstəricilər nəzərə alındıqda, bu il də payız aylarında ətin qiymətində mövsümi artım ehtimalı var. Bunun əsas səbəblərindən biri yay otlaqlarının məhsuldarlığının azalması nəticəsində heyvanların saxlanılması üçün yemə tələbatın artmasıdır. Yem xərclərinin yüksəlməsi isə diri çəkidə satılan heyvanların maya dəyərinə və nəticə etibarilə ətin satış qiymətinə birbaşa təsir göstərir”.

Ekspert vurğulayıb ki, havaların soyuması ilə əhalinin ət məhsullarına tələbatı da artır.

“Toy mövsümünün canlanmasıvə ictimai iaşə sektorunda aktivliyin yüksəlməsi bazarda əlavə tələbat formalaşdırır. Təklifin əvvəlki səviyyədə qalması isə qiymətlərin yüksəlməsinə səbəb olur.

Azərbaycan əsasən daxili istehsal hesabına özünü ət məhsulları ilə təmin etsə də, diri heyvan, damazlıq materialı, yem əlavələri və digər məhsullar üzrə idxaldan da istifadə olunur. Bu baxımdan beynəlxalq logistika xərclərinin artması və xarici bazarlardakı qiymət dəyişiklikləri daxili bazara da təsirsiz ötüşmür. Beynəlxalq bazarlarda daşınma və idxal xərclərinin yüksəlməsi ölkədaxili qiymətlərə də təsir göstərir”.

Rəsmiyyə Sabir bildirib ki, ümumilikdə, payız aylarında ətin qiymətində mövsümi bahalaşma gözlənilən olsa da, qiymət artımının miqyası yem bazarındakı vəziyyətdən, daxili istehsalın həcmindən, istehlak tələbindən və beynəlxalq bazarlarda baş verən dəyişikliklərdən asılıdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*