Bayram günlərində ət bazarında müşahidə olunan canlanma hər il qiymətlərin müvəqqəti artımı ilə müşayiət olunur. Artan tələbat fonunda satıcılar daha yüksək qiymətlərlə satış həyata keçirir, lakin bu tendensiyanın nə qədər davamlı olacağı bazarın əsas müzakirə mövzularından birinə çevrilir.
Bəs bayramdan sonra tələbatın azalması ət qiymətlərinə necə təsir edəcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, bayram bitdikdən sonra ətə olan tələbat adətən azalır.

Onun sözlərinə görə, əgər bazarda təklif əvvəlki səviyyədə qalarsa, tələbin enməsi qiymətlərə də təsirsiz ötüşmür.
“Bayramdan sonra tələbatın azalması fonunda qiymətlərdə müəyyən enmə və ya ən azı sabitləşmə müşahidə oluna bilər. Satıcılar alıcı cəlb etmək üçün qiymətləri aşağı salmağa çalışırlar”, – deyə iqtisadçı bildirib.
Ekspert eyni zamanda vurğulayıb ki, qiymətlərin formalaşmasına təsir edən amillər yalnız tələbatla məhdudlaşmır. Yem xərcləri, idxal imkanları, yanacaq qiymətləri və mövsümi faktorlar da bazarda mühüm rol oynayır.
“Bəzi hallarda tələbat azalsa belə, bu, qiymətlərin kəskin ucuzlaşmasına gətirib çıxarmır. Əksər hallarda sadəcə qiymət artımının qarşısı alınır və bazar nisbətən sabit mərhələyə keçir”, – deyə Akif Nəsirli əlavə edib.
Beləliklə, bayramdan sonra ət bazarında qiymətlərin tam ucuzlaşması deyil, daha çox sabitləşməsi və ya cüzi enməsi ehtimal olunur.
Aynurə İsmayıl
KONKRET.az
