“Bir ildə mənzil qiymətləri təqribən 10-11% yeni tikililərdə, 7-8% civarında isə köhnə tikililərdə qiymət artımı baş verib”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, bu proses davam edəcək və ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət artımının olduğuna və bu dinamikanın devam etdiyini söyləyə bilərik:
“Ən çox bahalaşan ərazilər aktiv olan rayonlardır ki, məsələn Yasamal, Səbail, Nəsimi, Nərimanov, Xətai rayonlarını burada qeyd etmək olar. Bu rayonlardan da əlavə hal-hazırda inkişafda olan rayonlar Nizami, Sabunçu, Binəqədi rayonlarını biz xüsusilə vurğulaya bilərik. Harada çox tikinti işləri aparılır və harada daha çox yeni binalar tikilirsə, orada bahalanmaya meyl daha çoxdur”.
V.Oruc vurğulayıb ki, baş planın 2040-a əsasən aparılan abadlaşdırma işləri və qəzalı binaların, istismar müddəti bitmiş binaların sökülməsi ilə əlaqədar həmin ərazidə tikilən binaların qiymətində kifayət qədər böyük artıma biz rast gəlirik:
“Adətən sökülən bina ilə onun yerində tikilən bina arasında qiymət fərqi hətta bir çox hallarda 50%-ə qədər hesablanır, yəni 50%-ə qədər olur. Əlbəttə ki, yeni tikililərdə bahalaşma faktoru özünü gösterir. Köhnə tikililərdə isə məsələn, onların söküntüyə məruz qaldığı üçün və əslində müasir komfort tələblərinə uyğun olmadığı üçün, təbii ki, yeni tikililər bu istiqamətdə liderdir. Təqribən 50% civarında artım dinamikasını biz görə bilərik. 10-11% yeni tikililərdə, 7-8% köhnə tikililərdə olması artımın onu deməyə əsas verir ki, əsas seçim məhz yeni tikililərdədir”.
