“Fransa özünün qaranlıq tarixinə baxsın…” – Politoloq faktları sadaladıbackend

"Fransa özünün qaranlıq tarixinə baxsın..." - Politoloq faktları sadaladı

Fransanın son hərəkətləri heç bir ölçüyə sığmır. Ölkəmizi olmayan hər şeylərdə ittiham edirlər. Məsələn, belə iddialar səsləndirilir ki, guya Azərbaycan təməlçi İslamın cihad dəyərlərinə əsaslanaraq ermənilərə qarşı soyqırımı siyasəti həyata keçirib. Halbuki ermənilər işğalçıdır. Fransa özü BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi onların işğalçılıq siyasəti ilə bağlı 4 qətnamənin lehinə səs verib.

KONKRET.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Fransa Senatının noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşmasına münasibət bildirən Qabil Hüseynlinin sözlərinə görə, Fransa heç fərqinə varmır ki, Ermənistan təcavüzkardır:

“İşğalçı işğal etdiyi ərazilərdən 1 milyondan artıq insanı öz yurd-yuvasından didərgin salıb. İndi Kəlbəcərdə məskunlaşan ermənilərin çıxarılması üçün 5 gün vaxt verilir, sonra bu müddət daha 10 gün uzadılırsa, 1993-cü ildə soyuq fəslində kəlbəcərlilərin Kəlbəcərdən çıxması üçün cəmi-cümlətanı 10 saat vaxt verilmişdi. Heç verilən bu vaxtı da gözləmədən kəlbəcərliləri ordan zorla çıxardılar. O zaman nə qədər adam Murov dağının aşırımlarında soyuqdan donaraq öldü.

Mən fransızlardan çox xahiş edirəm ki, gəlib işğaldan azad olunmuş torpaqlara baxsınlar. Görsünlər ki, özlərini sivilizasiyalı hesab edən ermənilər bu torpaqlara nə divan tutub… Sizin müdafiə etdiyiniz işğalçıların “mədəniyyəti” budur. Yaxud indi məlum olur ki, Gəncəyə “İsgəndər-M” tipli ballistik raketlər atıblar. Heç “SCUD” tipli raketlər də deyilmiş. Bərdəyə atılan isə kasetli bombalar olub. Demək istəyirəm ki, dinc azərbaycanlı əhaliyə qarşı birinci və ikinci Qarabağ müharibəsi dövründə edilən bu vəhşiliklər fransızların gözündən niyə yayınıb?”

Qabil Hüseynli bildirib ki, görünür, fransızlar da öz tarixlərindən müəyyən ibrət dərsi götürüblər:

“Vaxtilə Afrikanın şimalını bütünlüklə müstəmləkə imperiyasının bir hissəsinə çevirən Fransa oradan mərakeşliləri, tunisliləri, əlcəzairliləri, liviyalıları həmişə basqı altında saxlayıb və yeri gələndə soyqırımına məruz qoyub. Təkcə 1962-63-cü illərdə milli-azadlıq hərəkatına qalxmış Əlcəzair xalqının 1,2 milyon nəfərini bax, indi özünü mədəni adlandıran Fransa soyqırıma məruz qoyub. Belə tarixi keçmişi olan bir ölkə nə üçün bu gün Azərbaycanın öz torpaqlarını azad etməsini, müharibənin qayda-qanunlarına riayət edərək təcavüzkarla döyüşməsini, sonra isə təcavüzkarın işğal etdiyi torpaqlardan çıxması şərtilə atəşi özünün dayandırmasına qiymət verə bilmir?”

Müsahibimiz bildirib ki, Fransanın tarixində sırf müharibəyə, revanşizmə köklənmiş məqamlar da az olmayıb:

“Məsələn, 1870-71-ci illər Fransa-Prussiya müharibəsi zamanı Elzas-Lotaringiyanı itirən Fransa onu Birinci Dünya müharibəsindən sonra imzalanan Versal sülh müqaviləsi ilə geri qaytardı. Əlbəttə, Fransa öz gücü ilə yox, müttəfiqlərinin köməyi ilə Elzas-Lotaringiyanı özünə birləşdirəndən sonra nə oyunlardan çıxmırdı. Almanları ünvanına nələr deyilmirdi, nələr yazılmırdı, onların ləyaqətini alçaltmaq üçün hansı hərəkətləri etmirdi?! Yaxud İkinci Dünya müharibəsi zamanı Vermaxt ordusu cəmi 6 saat ərzində Parisə çatdı və Fransa ordusu tamamilə təslim oldu. Fransanın şimalı və qərbi nasistlər tərəfindən, cənub-şərqi italyanlar tərəfindən işğal olundu. Fransanın qalan ərazilərində Vişi rejimi quruldu. Marşal Filipp Petenin başçılıq etdiyi bu rejim kollaborasionist bir rejim idi. Yəni nasist Almaniyası ilə hərbi, siyasi və iqtisadi əməkdaşlıq edirdi. Demək istəyirəm ki, fransızlar çox öyünüb özlərini mədəni xalq, yaxud sivilizasiyanın mənbələrindən biri kimi təqdim etməsinlər. Fransanın tarixində çoxlu qaranlıq səhifələr var”.

Politoloq bildirib ki, bu gün Fransada islamafobiyanın və bunun bir elementi olan azərbaycanafobiyanın geniş yayılması da diqqətdən yayınmamalıdır:

“Bütün bunlar sözün həqiqi mənasında çox zərərli, çox ziyanlı bir ideoloji cərəyanlardır və bu işin başında duran prezident Makron və onun “İrəli Fransa” partiyasından olan tərəfdarları vaxt gələcək tarix qarşısında bu əməllərə görə məsuliyyət daşıyacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*