“Balaca şeytan” Taşa
Aleksandr Sergeyeviç Puşkin övladlarını və həyat yoldaşını çox sevirdi. O, ailə həyatında xoşbəxtlik tapdığını heç vaxt gizlətmirdi. Təəssüf ki, baş verən faciə böyük şairin və xoşbəxt ailə başçısının həyatını çox erkən yarımçıq qoydu.
Bəlkə də Puşkin sağ qalsaydı, övladlarının taleyi də tamam başqa cür olardı. Məsələn, onun qeyri-adi xarakteri ilə seçilən kiçik qızı Natalya Aleksandrovna həyatının ən böyük səhvini etməz, onu həm qadın, həm də şəxsiyyət kimi alçaldacaq bir insanla ailə qurmazdı.
Amma tarixdə “kaş ki” yoxdur. Hadisələr necə baş veribsə, elə də baş verib – gərgin, dramatik və çox ağrılı, amma sonda xoşbəxt sonluqla…
Uşaqlıqda inadkar və dəcəl xarakterinə görə Natalyanı “balaca şeytan” – “Taşa” adlandırırdılar. O, cəmi səkkiz aylıq idi ki, atasını itirdi. Kiçik qız Puşkinə həm zahirən, həm də xaraktercə inanılmaz dərəcədə bənzəyirdi.
Puşkinin bütün övladları yaxşı təhsil almışdı. Taşa da istisna deyildi. Yeniyetməlik dövrünə çatanda xarici dilləri bilirdi, fortepianoda ifa edir, gözəl rəqs edirdi. 16 yaşında artıq o, cəmiyyət arasına çıxmağa başladı.
Orlova olan sevgi
Natalya Aleksandrovnanın 18 yaşı belə tamam olmamışdı ki, Nikolay adlı gənc qrafa aşiq oldu. Nikolay imperiyanın ən nüfuzlu məmurlarından biri, III şöbənin rəhbəri Aleksey Fyodoroviç Orlovun oğlu idi.
Deyilənə görə, 25 yaşlı hərbi diplomatın Natalyaya olan sevgisi də eyni dərəcədə güclü və səmimi idi. Lakin gənclərin xoşbəxtliyinin qarşısında keçilməz bir maneə dayanırdı – qüdrətli qrafın atası.
Onun üçün Natalyanın zərifliyi, gözəlliyi və intellekti heç bir əhəmiyyət daşımırdı. Əsas problem qızın mənşəyi idi. Axı hansısa “yazıçı”nın qızı Orlovlar nəslinin nümayəndəsi ilə evlənə bilməzdi!
Beləliklə, təhlükəsizlik xidmətinin rəhbəri oğlunu xaricə göndərdi.
Taşanın həyatı bahasına başa gələn səhvi
Puşkinin kiçik qızı qürurlu və inadkar idi. Vaxtilə pərəstiş etdiyi insanla bağlı yaşadığı kədəri, nifrəti və məyusluğu başqalarından gizlətsə də, daxilində dərin bir inciklik yaranmışdı.
Gənclik maksimalizmi, təcrübəsizlik və tələsik qərar verməsi Natalyanı həyatının ən ağır səhvinə sürüklədi.
Hamı üçün gözlənilməz şəkildə o, polkovnik-leytenant Mixail Dubeltin evlilik təklifini qəbul etdi. Dubeltin atası jandarm korpusunun generalı idi və Nikolay Orlovun atasına tabe xidmət edirdi.
Dubelt Natalya Aleksandrovnaya ilk baxışdan vurulmuşdu.
Onun bir qədər afrikalı cizgiləri olan qeyri-adi sifəti, hündür boyu, incə bədəni və geniş çiyinləri təkcə Dubelti deyil, bir çox kişini heyran edirdi. Lakin məhz Mixail Dubelt bu gözəl və savadlı qadına evlilik təklif etməyə cəsarət etdi.
Yəqin ki, ümidsizlik içində və Orlovlardan qisas almaq istəyilə Natalya böyük sevgisi olmadan bu nikaha razılıq verdi. Lakin düşünülməmiş bu addım yalnız onun özünü deyil, sonradan dünyaya gələcək üç övladını da əzablı həyata məhkum etdi.
Sərvətin korladığı, qumarbaz, əyyaş və xəstəlik həddində qısqanc olan Dubelt evliliyin ilk günlərindən həyat yoldaşına “evdə kimin sözünün keçdiyini” göstərməyə başladı.
Müasirlərinin xatirələrinə görə, kiçik Dubelt son dərəcə əsəbi və idarəolunmaz xarakteri ilə tanınırdı. Lakin nə Natalyanın anası, nə də onun çox sevdiyi ögey atası bu inadkar qızı həmin nikahdan çəkindirə bildi.
Yaxınları evliliyə razılıq verməyi təxminən bir il gecikdirdilər. Lakin Taşa özünəməxsus sərtliyi və qətiyyəti ilə bir gün anasını qızının xoşbəxtliyinə qəsdən mane olmaqda günahlandırdı. Hətta böyük bacısının taleyini təkrarlamasını istədiyini dedi. Çünki bacısı 28 yaşında hələ də subay idi və həmin dövrün cəmiyyətində bu yaş qadın üçün artıq çox gec hesab olunurdu.
Bu sözlər ailənin müqavimətini qırdı.
Lakin Dubeltlə evliliyin ilk günündən Natalyanın həyatı məyusluq və problemlər içində keçməyə başladı. Ailə xoşbəxtliyindən danışmaq mümkün deyildi. Çünki Mixailin ilk etdiyi iş həyat yoldaşının bütün cehizini – 28 min gümüş rublu qumarda uduzmaq oldu.
Bundan sonra vəziyyət daha da ağırlaşdı.
Dubelt hər xırda səbəbə görə həyat yoldaşını təhqir edir, şiddətli qısqanclıq səhnələri yaradır, qalmaqal salır və onu döyürdü.
Natalya getdikcə daha çox üzünü qara, qalın örtüklə gizlədərək evdən çıxırdı. Yay aylarında belə uzunqollu, bədəni tam örtən paltarlar geyinirdi.
O, sağalmağa macal tapmayan bədəninin yaralarını ailəsindən, dostlarından və cəmiyyətdən gizlətməyə çalışırdı. Ərinin mahmızları ilə vurduğu izlər isə ömrünün sonuna qədər bədənində qaldı.
Dubelt sərxoş vəziyyətdə qəzəblənərək həyat yoldaşını ayaqları altında tapdalayır və qışqırırdı:
“Bu, sənin gözəlliyinin mənim üçün qiymətidir!”
Bütün bu dəhşətli həyata baxmayaraq, gözəl və güclü xarakterli Natalya paytaxtın ən yaxşı salonlarından birini idarə etməyi, üç övladını böyütməyi, bal və ziyafətlərdə parıldamağı bacarırdı. O, ailə dramını yad gözlərdən gizlətməyə çalışırdı.
Amma anasından heç nə gizlədə bilmirdi. Deyilənə görə, qızının çəkdiyi əzab Puşkinin dul arvadının saçlarına vaxtından əvvəl dən salmış, sağlamlığını ciddi şəkildə sarsıtmışdı.
İmperator məsələyə qarışır
Çox keçmədən general Dubeltin ailəsində baş verən zorakılıq barədə söz-söhbətlər imperator II Aleksandrın da qulağına çatdı.
İmperator zabitlə bağlı tədbir görmək qərarına gəldi.
1862-ci il iyulun 16-da Mixail Leonidoviç Dubelt alaydan xaric edildi, vəzifəsindən azad olundu və qeyri-müəyyən müddətə məzuniyyətə göndərildi.
Elə həmin il, doqquz illik evlilikdən sonra Natalya Aleksandrovna iki böyük övladı ilə birlikdə (bir uşağı atasının yanında qalmışdı) xalasının yanına getdi. Xalası əri, avstriyalı baron Frizenhofla birlikdə Slovakiyanın Brodzyanı kəndində yaşayırdı.
Dubelt Natalyanın ardınca gedərək boşanma prosesinə başlayacağını şəxsən bildirdi. Lakin o, boşanmağa razılıq vermədi və prosesi daha bir ildən çox uzatdı.
Nəhayət, Natalya uşaqlarını anasının və qohumlarının himayəsinə buraxaraq Slovakiyadan qaçdı.
Sonrakı illər onun üçün fasiləsiz səfərlərlə keçdi: İsveçrə, İtaliya, Avstriya, Fransa…
Onun nə daimi sığınacağı, nə də Rusiyada öz evi vardı.
Nəhayət, Almaniyada məskunlaşdı. Və burada onu gözləmədiyi bir görüş gözləyirdi…
O, şahzadəsi ilə qarşılaşdı.
Şahzadə öz taxt hüququndan onun naminə imtina etdi
Natalya Aleksandrovna şahzadə Nikolay Vilhelm Nassau ilə ilk dəfə bundan 10 il əvvəl tanış olmuşdu. Şahzadə II Aleksandrın tacqoyma mərasimində Prussiya kral sarayının nümayəndəsi kimi Rusiyaya gəlmişdi.
Mərasim münasibətilə təşkil olunan balda onun gözü 20 yaşlı gözəl bir qıza sataşdı. Şahzadə ilk baxışdan ona vuruldu.
Bu, Puşkinin kiçik qızı Natalya idi.
Onlar bütün gecəni rəqs etdilər və bir-birlərindən gözlərini çəkə bilmədilər. Natalyanın qanuni əri Dubeltin qəzəbli baxışları belə onları dayandıra bilmədi.
Sonradan yaranan qalmaqal da Natalyanı həmin başgicəlləndirici valsdan peşman etmədi.
İllər sonra onlar yenidən görüşdülər. Nikolay Vilhelm tərəddüd etmədən Natalya Aleksandrovnanın əlini istədi. O, boşanmış, üç uşaq anası və xarici ölkə vətəndaşı olan qadınla evlənməyə hazır idi. Çünki bütün bu illər ərzində Natalyanı sevmiş və onu unuda bilməmişdi.
1867-ci il iyulun 1-də onlar Londonda evləndilər. Nikolay Vilhelm bu sevgi naminə taxt-tac hüququndan imtina etdi.
Şahzadə həyat yoldaşı üçün “Merenberq qrafinyası” titulunu almağa nail oldu. Bu titul Nassau şahzadələrinin mülklərindən biri olan Merenberq qalasının adı ilə bağlı idi.
Cütlük uşaqları ilə birlikdə Visbadendə məskunlaşdı. Natalya bu şəhəri çox sevdi.
Yeni evlilik uzun və xoşbəxt oldu. Nikah morganatik xarakter daşısa da, bu, onların ailə həyatına mane olmadı.
Xeyirxah və sakit təbiətli alman şahzadəsi Nikolay Vilhelm həyat yoldaşına böyük məhəbbətlə bağlı idi. Natalya ona bir oğul və iki qız övladı bəxş etdi.
Beləcə, həyatının ən ağır illərini yaşayan Puşkinin kiçik qızı sonrakı ömrünü sevgi və ehtiramla əhatə olunmuş şəkildə keçirdi.
Bir vaxtlar ərinin zorakılığını paltarlarının altında gizlətməyə məcbur olan Natalya Aleksandrovna sonda öz “şahzadəsini” tapdı.
Puşkinin qızının taleyi bir daha göstərdi: bəzən insanın həyatında ən böyük faciədən sonra belə tamam başqa bir həyat başlaya bilər.
Foto: Natalya Puşkina
İnternet materialları əsasında hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
