Yaxın Şərqdə davam edən gərginlik və Rusiya-Ukrayna müharibəsinin uzanması qlobal enerji bazarında təchizatla bağlı riskləri artırıb. Bu fonda dizel yanacağına tələbatın yüksəlməsi və qiymətlərin bahalaşması diqqət çəkir. Qlobal bazardakı bu proseslərin Azərbaycanda dizelin qiymətinə təsir edib-etməyəcəyi isə maraq doğurur.
Bəs dünya bazarında müşahidə olunan bahalaşma Azərbaycanda dizelin qiymətinin artmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov KONKRET.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə davam edən gərginlik və Rusiya-Ukrayna müharibəsi qlobal enerji bazarında qiymət artımlarına səbəb olub.
Onun sözlərinə görə, bu proseslər fonunda dizel yanacağına qlobal tələbat artıb və qiymətlərdə yüksəliş müşahidə olunur.
Deputat qeyd edib ki, Azərbaycanın daxili enerji bazarının qlobal bazarlardakı dəyişikliklərdən təsirlənmə səviyyəsi digər ölkələrlə müqayisədə daha məhduddur:
“Azərbaycan neft-qaz hasil edən ölkədir və dizel yanacağına olan tələbatın əhəmiyyətli hissəsi daxili istehsal hesabına təmin olunur”.
Azər Badamovun sözlərinə görə, ölkənin dizel yanacağı üzrə idxaldan asılılığının aşağı olması və qiymətlərin dövlət tərəfindən tənzimlənməsi daxili bazarın qlobal qiymət dalğalanmalarından qorunmasına imkan verir.
“Bu baxımdan, qlobal bazarlarda dizelin bahalaşmasının Azərbaycanda avtomatik olaraq eyni miqyasda qiymət artımına səbəb olması gözlənilmir”, – deyə deputat vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
