NATO Rusiyanı müharibəyə sürükləyir – Putin daha nə qədər müqavimət göstərə bilər?backend

NATO Rusiyanı müharibəyə sürükləyir - Putin daha nə qədər müqavimət göstərə bilər?

Qərara gəliblər: hansı yolla olur-olsun, Putinə səhv addım atdıracaq və Rusiyanı NATO ilə müharibəyə sürükləyəcəklər.

Putin soyuqqanlı liderdir. Lakin Ukrayna məsələsində olduğu kimi, onun hərəkətə keçməsi üçün təxribatların yetərli olduğu da məlumdur.

Etiraf etmək lazımdır ki, Böyük Britaniyanın başçılıq etdiyi NATO-nun Avropa qanadı Ukraynada istədiyinə nail oldu. Qərbin inteqrasiya və rifah vədləri ilə həyatları alt-üst edilən ukraynalılar və ruslar isə bunun bədəlini öz canları ilə ödədilər.

Buna baxmayaraq, plan işləyir. Demək olar ki, İkinci Dünya müharibəsi qədər uzun sürən bu savaşda Rusiyanı proksi qüvvə vasitəsilə tükəndirməyə çalışırlar. Kamçatkadan Moskvaya qədər Rusiyadakı hərbi aerodromlar, neft emalı zavodları və dron hissələri istehsal edən müəssisələr bir-birinin ardınca vurulur.

Rusiyanın isə Böyük Britaniya və Avropaya qarşı istifadə edə biləcəyi, Ukraynaya bənzər proksi qüvvəsi yoxdur. Buna görə də Moskva Qərb alyansına cavabını əsasən Ukrayna ərazisindəki zərbələrlə verə bilir.

Avropa mətbuatında yayılan, Almaniya və Böyük Britaniya hava limanlarında müşahidə edilən şübhəli dronları və ya elektrik enerjisinin kəsilməsini Rusiyanın əks-hücumu hesab etmək sadəlövhlük olardı.

BBC-nin “Müharibəyə hazırıqmı?” başlıqlı analizləri, Böyük Britaniya Baş Qərargah rəisinin “35 illik hərbi xidmətim ərzində belə bir təhdid görməmişəm” açıqlaması, Danimarkadan gələn “Müharibə yaxındır, bəlkə də sabahdan daha yaxındır” bəyanatları müharibəyə daha çox hazırlaşan tərəfin kim olduğunu açıq şəkildə göstərir.

NATO-nun Avropa qanadında hərbi xərclərin dəfələrlə artırılması, eləcə də cəmiyyətləri səfərbərlik psixologiyasına kökləmək üçün aparılan təbliğat müharibənin qaynama nöqtəsinə çox yaxınlaşdığımızın əlamətləridir.

Rubikon artıq keçilib.

Bu səbəbdən Avropa ilə Rusiya arasında mümkün müharibənin səbəbləri üzərində düşünməyin artıq elə də böyük mənası yoxdur.

Bazar ertəsi axşamı “Səbəb-nəticə” proqramında dosent Cüneyt Küsmez də mövcud vəziyyətin qaçılmaz nəticəsi ilə bağlı kifayət qədər aydın fikir səsləndirdi:

“Bütün Avropa müdafiə xərclərini artırır, konstitusiyalarını və hərbi öhdəliklərini dəyişdirir. Müharibənin baş vermə ehtimalını ən yüksək səviyyəyə çatdıran əsas səbəb hazırlıqdır.”

Bəli, hazırlaşırsınızsa, deməli, müharibəyə hazırlaşırsınız. Hazırlıq görən tərəfin kim olduğu isə mübahisəsiz şəkildə ortadadır.

Kreml NATO ilə açıq müharibəyə girməmək üçün müqavimət göstərir. Bu mövqeyi onların sülhpərvər olması ilə izah etmirəm, əlbəttə. Sadəcə, şərtləri və reallıqları görürlər.

Son nəticədə onlar da çıxılmaz vəziyyətdə deyillər. Söhbət dünyanın ən böyük nüvə gücündən gedir. Lakin belə bir total qarşıdurmada qalibin olmayacağını da anlayırlar.

Tramp Ukrayna müharibəsində Böyük Britaniya və Avropa ilə sinxron hərəkət etməyərək, demokratlardan fərqli olaraq, ABŞ-ı prosesdən kənarda saxlayır və Putinlə dialoqu davam etdirir.

Noyabr seçkilərindən sonra Trampın “topal ördək”ə çevrilməsi və ardınca hakimiyyəti Demokratlara təhvil verməsi halında isə Rusiyanın iştirak etdiyi dünya müharibəsinin qarşısındakı son maneə də aradan qalxa bilər.

Ümid edirəm ki, Trampdan sonra hakimiyyət J.D. Vensin rəhbərlik etdiyi Respublikaçılarda qalacaq.

Müəllif: Melih Altınoluk
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*