Bu ilin yanvarında Fransanın Moskvadakı səfiri vəzifəsinə təyin edilən Pyer Levi 40 ildir ki, Rusiyada işləmək arzusunda olduğunu bildirib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, diplomat çox sevdiyi bir ölkəyə gəldiyini deyib.
Onun sözlərinə görə, o, rus dilini hələ məktəbdə öyrənməyə başlayıb, həmçinin gənc yaşlarından şair Anna Axmatovanın yaradıcılığına heyran qalıb.
Levi hesab edir ki, hazırda Moskva ilə Paris münasibətlərində vacib məqamın başlanğıcındadırlar. O, həmçinin əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron ölkələr arasında qarşılıqlı etimad əsasında qurulmuş müsbət dialoqu bərpa etmək niyyətindədir.
Səfir əmindir ki, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Avropada və dünyada sülh və təhlükəsizliyi möhkəmləndirməlidirlər.
Pyer Levi yanvarın 16-da Fransanın yeni səfiri kimi Moskvaya gəlib. 2 avqust 2016-cı il tarixindən 6 yanvar 2020-ci ilədək o, Polşada Fransanın diplomatik nümayəndəliyinə rəhbərlik edib.
Babək Göyüş
KONKRET.az
