Düzünü desək, Z nəsli üçün bu gün hansı sosial yüksəliş imkanları qalıb? Əgər imkanlı ailədə doğulmamısansa və ya istedadına görə cəmiyyətin cəmi 1 faizinə daxil deyilsənsə, böyük şəhərdə heç olmasa özünə layiqli mənzil almaq üçün hansı yollar var?
Bir vaxtlar İT sahəsi müəyyən imkanlar yaradırdı. Amma bu sahə də hamı üçün deyildi, hər kəsin ona çıxışı yox idi. Uzaq məsafələrə yük maşını sürücüsü kimi işləmək də variantdır. Ancaq sabah bu peşəni də robotlar əvəz edə bilər. Hələliksə bu, Belarusiyada ayda 2,5 min avro qazanmaq, aylarla ailəni görmədən işləmək və ev tikmək üçün pul yığmaq deməkdir. Bəs Fransada 2,5 min avro ilə nə etmək olar? Bəlkə gündəlik xərcləri ödəmək, qadcetlər, paltar almaq, Ryanair bileti əldə etmək mümkündür. Hərçənd, bu da getdikcə çətinləşir. Amma böyük şəhərdə mənzil almaq? Bu gəlirlə artıq çox çətindir. Üstəlik, maaşın əhəmiyyətli hissəsi vergilərə gedir.
Pensiyaçılar da getdikcə daha gec təqaüdə çıxırlar. Onları da müəyyən mənada başa düşmək olar: bir çox ölkədə pensiya yaşı artırılıb. Növbəti nəsillər isə tutduqları vəzifələrdən əl çəkməyə tələsmirlər. Hər kəs öz kürsüsünə elə möhkəm yapışıb ki, gənclərə yer qalmır.
Bəs biznes qurmaq? Vergi orqanında və pensiya fondlarında qeydiyyatdan keçən kimi sahibkarın üzərinə saysız-hesabsız öhdəliklər düşür. Üstəlik, hansı biznesdən söhbət gedir? Marketpleyslər buldozer kimi bazarı süpürüb keçir, kiçik sahibkarların imkanlarını daraldır, gəlirin böyük hissəsi isə iri korporasiyaların cibinə gedir.
Sosial təminat sistemləri də hər yerdə təzyiq altındadır. Çünki seçicilərin əhəmiyyətli bir hissəsi sanki belə düşünür: əsas odur ki, mən öz ömrümü başa vurum, məndən sonra nə baş verəcəyi isə o qədər də vacib deyil. İqtisadi artım barədə rəqəmlər açıqlanır, hesabatlarda müsbət dinamika göstərilir. Ancaq adi insanın həyatında bu artım çox vaxt hiss olunmur. Elə təəssürat yaranır ki, iqtisadi göstəricilər yaxşılaşdıqca, artıq qızıl qaşıqla doğulmuş insanların bank hesablarındakı rəqəmlər artır, gənclərin isə ev almaq, ailə qurmaq və gələcəyini planlaşdırmaq imkanları daralır.
Əlbəttə, bütün bunlarla yanaşı, miqrasiya amili, təbliğat, müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyəti və yerli siyasətçilərin cəmiyyətdəki narazılıqları qızışdırması kimi faktorlar da mövcuddur. Bunları inkar etmək olmaz. Ancaq əsas məsələ başqadır: cəmiyyətdəki narazılığın kökündə duran sosial və iqtisadi problemləri görmədən hər şeyi kənar qüvvələrin fəaliyyəti ilə izah etmək mümkündürmü?
Kibritlə suya od vurmaq olmaz, amma benzinə düşən bir qığılcım böyük yanğına səbəb ola bilər. Sosial ədalətsizlik, əlçatmaz mənzil qiymətləri, gəlir bərabərsizliyi və gələcəyə inamın itməsi həmin benzindir. Kənardan gələn təsirlər isə mövcud narazılığı alovlandıra bilər.
Əgər gənclər zəhmət çəkməklə həyatlarını yaxşılaşdıracaqlarına inanmırlarsa, problem təkcə təbliğatda deyil. Problem həm də onlara təqdim olunan imkanların getdikcə azalmasındadır.
Müəllif: Sergey Lavrinenko
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az
