İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir.
KONKRET.az xəbər verir ki, bu barədə həkim-farmakoloq Müşfiq Hüseynov fikirlərini bölüşüb.
Həkim bildirib ki, araşdırmaların nəticəsində eyni şəraitdə böyüyən əkizlərin 30 yaşdan sonrakı vəziyyətləri müqayisə edilərək genetikanın gənc görünmədə rolunun maksimum 20-25 faiz olduğu müəyyən edilib.
“Gənc görünmədə genetikanın rolu maksimum 20-25 faiz imiş. Atam 110 il yaşayıb, mən də azı 100 il yaşayacam deyə bir qanun yox imiş”, – deyə o vurğulayıb.
Müşfiq Hüseynovun fikrincə, əsas amillərdən biri xroniki stressdir. O hesab edir ki, uzunmüddətli stress orqanizmə ciddi təsir göstərir və bu prosesdə kortizol hormonunun rolu böyükdür.
Hüseynov insanlara başqalarının həyatını, maddi vəziyyətini və şəxsi seçimlərini müzakirə etməkdən çəkinməyi tövsiyə edib.
“Məsələ “Range Rover” sürmək deyil. Məsələ, “Changan”ı da sürəndə özünü “Range Rover” sürmüş kimi hiss etməkdir”, – deyə həkim yazıb.
Həkim qeyd edib ki, davamlı stress, keçmişdə baş vermiş hadisələri unutmaqda çətinlik və emosiyaları idarə edə bilməmək insanın sağlamlığına və xarici görünüşünə mənfi təsir göstərə bilər
Onun sözlərinə görə, sağlam qidalanma, qida əlavələri, kosmetik prosedurlar və maddi imkanlarla yanaşı, insanın psixoloji rahatlığına da diqqət yetirməsi vacibdir.
Günay Əli
KONKRET.az
