Gənclər və çoxuşaqlı ailələr üçün mənzil problemi necə həll oluna bilər? – Yeni təklifbackend

Gənclər və çoxuşaqlı ailələr üçün mənzil problemi necə həll oluna bilər? – Yeni təklif

Azərbaycanda çoxuşaqlı ailələrin, gənclərin və gənc ailələrin mənzilə çıxış imkanlarının genişləndirilməsi məsələsi aktuallığını qoruyur. Mənzil qiymətlərinin yüksək olması, ilkin ödəniş tələbləri və kredit şərtlərinin bir çox vətəndaş üçün əlçatan olmaması bu sahədə mövcud çətinlikləri daha da artırır.

Bəs çoxuşaqlı ailələrin və gənclərin mənzil probleminin həlli üçün dövlət proqramları necə təkmilləşdirilməlidir? Mövcud çətinliklərin aradan qaldırılması üçün aidiyyəti qurumlar hansı addımları ata bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, məsələ cəmiyyət üçün ciddi narahatlıq doğurur.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir” | Modern.az

“Bu vəziyyət cəmiyyəti narahat edir. Çoxuşaqlı ailələrlə yanaşı, gənc ailələrin mənzillə təmin olunması da vacibdir. Gənclər evlənməzdən əvvəl mənzillə təmin olunarsa, bu, onların ailə qurmasını da sürətləndirə bilər.

Dünyada bu istiqamətdə müxtəlif təcrübələr mövcuddur. Bizə yaxın və uzaq ölkələrdə, xüsusilə inkişaf etmiş dövlətlərdə bu məsələyə diqqət yetirilir. Bir qədər keçmişimizə nəzər salsaq, sovet dövründə müəyyən nöqsanlara baxmayaraq, mənzil növbəsi sistemi mövcud idi. İnsanlar illərlə növbə gözləyirdilər, lakin bilirdilər ki, müəyyən müddətdən sonra onların da növbəsi çatacaq. Çoxuşaqlı ailələr üçün də müəyyən güzəştlər tətbiq olunurdu. Həmin dövrün həm müsbət, həm də mənfi cəhətlərindən nəticə çıxarmaq lazımdır”, – deyə Akif Nağı qeyd edib.

Onun sözlərinə görə, uzunmüddətli və faizsiz və ya aşağı faizli mənzil kreditlərinin tətbiqi də problemin həllində mühüm rol oynaya bilər:

“Dünyada uzunmüddətli, faizsiz və ya aşağı faizli kreditlər vasitəsilə vətəndaşların mənzillə təmin olunması praktikası var. Azərbaycanda da ipoteka kreditləri hesabına mənzil əldə etmək mümkündür. Vətəndaş müəyyən müddət ərzində aylıq ödənişlər edir və sonda mənzil onun mülkiyyətinə keçir. Türkiyədə və Avropa ölkələrində bu istiqamətdə müxtəlif mexanizmlərdən geniş istifadə olunur.

Azərbaycanda sosial mənzil proqramı da həyata keçirilir. Nisbətən münasib qiymətə mənzillər təqdim olunur. Amma hesab edirəm ki, bu proqram mövcud tələbatı tam şəkildə qarşılamır”.

Partiya sədri hesab edir ki, çoxuşaqlı ailələrin, gənclərin və gənc ailələrin mənzillə təmin olunması üçün ayrıca fondun yaradılması və prosesin şəffaf mexanizm əsasında həyata keçirilməsi məqsədəuyğun olardı.

“Ən yaxşı variant gənclərin, gənc ailələrin və çoxuşaqlı ailələrin dövlət səviyyəsində mənzillə təmin olunması üçün ayrıca mexanizmin yaradılmasıdır. Bunun icra hakimiyyətləri nəzdində və ya şəffaflığın təmin olunması baxımından “ASAN xidmət” xətti ilə həyata keçirilməsi mümkündür. “ASAN xidmət”ə cəmiyyətdə ciddi etimad var. Bu proses də onun nəzdində təşkil oluna və ciddi nəzarətdə saxlanıla bilər.

Dövlətin tikdiyi yaşayış binalarında, eləcə də özəl şirkətlərin inşa etdiyi binalarda müəyyən sayda mənzil bu fond üçün ayrıla bilər. Bu, tamamilə mümkündür. Düşünmürəm ki, dövlət və özəl şirkətlər bununla bağlı ciddi problem yaşasınlar. Həmin fond vasitəsilə çoxuşaqlı ailələrə, gənclərə və gənc ailələrə növbəlilik prinsipi əsasında, uzun müddət gözlətmədən mənzillərin verilməsi problemin həlli istiqamətində ciddi addım olardı”, – deyə o bildirib.

Akif Nağı məcburi köçkünlər üçün əvvəllər inşa edilmiş və hazırda boşalan mənzillərin də bu məqsədlə istifadə olunmasını təklif edib.

“Köçkünlər üçün ayrılmış evlər boşalır. Onların müəyyən hissəsini qeyd etdiyimiz mənzil fonduna ayırmaq və çoxuşaqlı ailələrə, gənclərə, gənc ailələrə vermək, məncə, problem yaratmaz. Əvvəllər belə təkliflər var idi ki, həmin mənzillər şəhid ailələrinə, qazilərə və veteranlara verilsin. Onlarla yanaşı, həmin mənzillərin bir hissəsinin də çoxuşaqlı ailələr və qeyd etdiyimiz digər kateqoriyalar üçün ayrılması mümkündür”, – deyə partiya sədri vurğulayıb.

Onun fikrincə, belə bir sistem mənzil növbəsinin daha şəffaf şəkildə tənzimlənməsinə, sosial baxımdan həssas qrupların mənzilə çıxış imkanlarının genişləndirilməsinə və dövlət dəstəyinin daha məqsədli şəkildə göstərilməsinə şərait yarada bilər.

Məsələnin həlli üçün əsas istiqamətlərdən biri də mövcud mənzil proqramlarının daha geniş sosial qrupları əhatə etməsidir. Xüsusilə gənclərin və çoxuşaqlı ailələrin gəlir səviyyəsi, ailə tərkibi, yaşayış şəraiti və mənzil ehtiyacı nəzərə alınmaqla diferensial güzəştlərin tətbiqi mənzil siyasətinin daha effektiv qurulmasına imkan verə bilər.

Beləliklə, mənzil probleminin həlli yalnız yeni yaşayış binalarının inşası ilə məhdudlaşmamalıdır. Əlçatan kredit mexanizmləri, güzəştli ilkin ödəniş imkanları, şəffaf mənzil növbəsi, sosial mənzil fondunun genişləndirilməsi və dövlət-özəl tərəfdaşlığı bu istiqamətdə daha kompleks yanaşmanın əsas elementləri ola bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*