Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyevə 11 HA 111 avtomobil nömrəsi hədiyyə edib.
KONKRET.az xəbər verir ki, bu barədə veteran pəhləvan Teleqraf-a müsahibəsində deyib. O bildirib ki, həmin dövlət nömrə nişanı hazırda idarə etdiyi nəqliyyat vasitəsinin üzərindədir.
H.Əliyev bazar dəyəri təxminən 100 000 manat olan avtomobil nömrəsinin ona hədiyyə edilməsinin tarixçəsindən danışıb:
“İdmançılar, ümumiyyətlə, bütün məşhurlar və qeyri-məşhurlar, bir sözlə, hamı istəyər ki, maşınının gözəl nömrəsi olsun. Bakı-2015 I Avropa Oyunlarından sonra bir neçə idmançımız bu nömrə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişdi. Bir çoxlarına da belə nömrələr hədiyyə olunmuşdu. Amma özüm getməmişdim. Düşünürdüm ki, yəqin, nə vaxtsa mənə də hədiyyə olunar. Bir neçə il öncə elə alındı ki, cənab general Ramiz Zeynalovun qəbulunda oldum, məni gözəl qarşıladı. Gözəl də dialoqumuz oldu. Düşünmürdüm ki, mənim haqqımda belə məlumatlı, idmana bu qədər həvəsli olsun. Biz orada bir saata yaxın yalnız idmandan danışdıq. Gördüm ki, Ramiz müəllim idmana həvəsli, məlumatlıdır. Bu gün elə vəzifəli şəxslər var ki, idman ona maraqlı deyil, həmin insanların tam fərqli düşüncəsi var. Amma Ramiz müəllimin idmanla yaxından maraqlanması məni sevindirdi. Orada bir epizod oldu: 2018-ci ildə Rusiyanın Mahaçqala şəhərində Avropa olduğum görüşdə 2:7 hesabı ilə geridə olduğum halda, nəticəni öz xeyrimə dəyişmişdim. Ramiz müəllim həmin görüşdən də danışdı. Gördüm ki, doğrudan da idmana nə dərəcədə həvəslidir”.
Məşhur idmançı Beyləqan seriyalı nömrəni seçmə səbəbini də açıqlayıb:
“Bu nömrə Beyləqan rayon seriyalı olsa da, özüm 1 rəqəmini xoşlayıram. Çox adam məni görəndə soruşur ki, beyləqanlısan? (gülür – red.). Hansı rəqəmi istəsəydim, onu hədiyyə edəcəkdilər. Mən də 1 rəqəmini xoşladığımdan, 11 HA 111 nömrəsini hədiyyə etdilər. O vaxtdan da o nömrədəyəm, maşınlarımı dəyişsəm də, o, dəyişməz qalır. Hər kəs, yol polisləri də məni bu nömrə ilə tanıyırlar. Düzdür, belə də tanıyırlar, amma nömrə daha tez gözə çarpdığı üçün sükan arxasında mənim oturduğumu bilirlər”.