Bəzi mətbuat orqanlarında Dövlət Gömrük Komitəsinin sabiq rəisi, general-polkovnik Aydın Əliyevin adı hallanmaqdadır. Vəzifəsindən ayrılandan sonra ondan 3 ilə yaxındır heç bir xəbərin olmaması maraq doğurub.
KONKRET.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsindən bildirilib ki, general Aydın Əliyev bu qurumun rəhbərliyindən azad ediləndə təqaüdə çıxıb. O, hazırda pensiyada olan general kimi yüksək təqaüd alır.
Qeyri-rəsmi mənbələrdən əldə edilən məlumata görə, 64 yaşlı Aydın Əliyevin biznes obyektlərinin də olduğu və hazırda onların idarə edilməsini həyata keçirdiyi bildirilir.
Aydın Əli oğlu Əliyev – 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlayıb.
1980-1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışıb.
1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində işləyib.
1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına gədər Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsini tutub.
6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunub.
27 yanvar 2017-ci ildə ona gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib. 25 may 2017-ci ildə Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib. 23 aprel 2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vəzifəsindən azad ediliib. Ailəlidir, 2 övladı var./modern.az/