“Getcontact”da keçmiş ərinin adını təhqiramiz şərh yazan qadınla bağlı QƏRARbackend

“Getcontact”da keçmiş ərinin adını təhqiramiz şərh yazan qadınla bağlı QƏRAR

Azərbaycanda kişi onun şərəf və ləyaqətini alçatdığını iddia edərək keçmiş həyat yoldaşını məhkəməyə verib.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, bu barədə xüsusi ittihamçısı Bəhruz Məlikov (adı, soyadı şərtidir) Abşeron Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, tərəflər arasında əvvəllər mövcud olmuş ailə münasibətlərindən sonra yaranan mübahisələr sosial platformada təhqir iddiaları ilə nəticələnib.

Xüsusi ittihamçı Bəhruz Məlikov məhkəməyə müraciət edərək keçmiş həyat yoldaşı Kəmalə Hacıyevanın (adı, soyadı şərtidir) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən ifadələri internet üzərindən yaydığını bildirib. O, həmin hərəkətlərə görə Kəmalə Hacıyeva barəsində Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibinə başlanılmasını və qanunvericilikdə nəzərdə tutulmuş cəzanın təyin edilməsini xahiş edib.

Şikayətə əsasən, tərəflər 2022-ci ildə nikaha daxil olsalar da, ailə münasibətləri uzun sürməyib və sonradan məhkəmə qərarı ilə nikah pozulub. Bundan sonra tərəflər arasında müxtəlif mübahisələr yaranıb.

Xüsusi ittihamçının bildirdiyinə görə, Kəmalə müxtəlif dövrlərdə “Getcontact” tətbiqində fərqli istifadəçi adları altında qeydiyyatdan keçərək onun mobil telefon nömrəsi ilə əlaqələndirilən profildə təhqiramiz məzmunlu şərhlər yerləşdirib. Sözügedən tətbiq istifadəçilərə telefon nömrələri ilə bağlı etiketlərə, şərhlərə və digər məlumatlara baxmağa imkan verir. Xüsusi ittihamçı hesab edib ki, həmin platformada onun barəsində yazılmış ifadələr açıq şəkildə alçaldıcı xarakter daşıyıb və onun şərəf və ləyaqətini ləkələyib.

Şikayətə görə, müxtəlif tarixlərdə yaradılmış bir neçə istifadəçi profili vasitəsilə onun telefon nömrəsinə münasibətdə eyni məzmunlu təhqiramiz ifadələr yazılıb. Xüsusi ittihamçı həmin profillərin Kəmaləyə məxsus olduğunu istifadəçi adları, mobil nömrələr və digər texniki məlumatlarla əsaslandırmağa çalışıb.

Bəhruz bildirib ki, həmin yazılar çoxsaylı istifadəçilər tərəfindən görülüb və bunun nəticəsində onun nüfuzuna zərər dəyib. Şikayətə əlavə edilən materiallarda müxtəlif tarixlərdə çəkildiyi iddia olunan ekran görüntüləri, tətbiqdə yerləşdirilmiş şərhlər və digər elektron sübutlar təqdim olunub.

Məhkəmə araşdırmaları zamanı xüsusi ittihamçı həmçinin qeyd edib ki, ailə üzvləri tərəfindən hüquq-mühafizə orqanlarına dəfələrlə müraciətlər edilib. Həmin müraciətlərdən sonra hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən profil sahibi ilə profilaktik söhbətlər aparılıb, bəzi təhqiramiz paylaşımlar sildirilib və müəyyən hallarda inzibati tədbirlər görülüb.

İş materiallarına əsasən, sonrakı dövrlərdə də analoji xarakterli şərhlərin davam etdirildiyi iddia olunub. Xüsusi ittihamçı deyib ki, müxtəlif vaxtlarda onun və ailə üzvlərinin ünvanına yönəlmiş təhqiramiz ifadələr sosial platformada yenidən yerləşdirilib.

Şikayətdə diqqət çəkilən məqamlardan biri də ondan ibarət olub ki, Kəmalə Hacıyeva barəsində daha əvvəl də oxşar xarakterli xüsusi ittiham qaydasında cinayət işlərinə baxılıb. Təqdim edilmiş məhkəmə sənədlərinə əsasən, müxtəlif şəxslərin şikayətləri üzrə aparılmış məhkəmə proseslərində o, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzalarına məhkum edilib. Həmin qərarların bir hissəsi apellyasiya və kassasiya instansiyalarında qüvvədə saxlanılıb.

Xüsusi ittihamçı məhkəməyə verdiyi izahatlarda vurğulayıb ki, sosial şəbəkədə və tətbiqdə onun ünvanına yazıldığı iddia olunan ifadələr açıq şəkildə alçaldıcı məzmun daşıyır və şəxsin şərəf və ləyaqətini aşağılayan sözlər kimi qiymətləndirilməlidir.

Bəhruzun sözlərinə görə, həmin paylaşımların məqsədi onu ictimaiyyət arasında nüfuzdan salmaq, barəsində mənfi rəy formalaşdırmaq və mənəvi zərər vurmaq olub.

Məhkəmənin qərarına görə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmayıb. Kəmalə Hacıyeva barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*