Böyük Britaniyanın baş naziri Rişi Sunak Yunanıstan hökumətinin başçısı Kiriakos Mitsotakislə görüşü ləğv edib. Qeyd edək ki, Kiriakos Mitsotakis hazırda Londonda işgüzar səfərdədir. Hesab edilir ki, Sunakla görüş ərəfəsində jurnalistlərə açıqlaması görüşün baş tutmaması ilə nəticələnib.
KONKRET.az xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə, əsas səbəb yunan tərəfinin Britaniya muzeyində saxlanılan Parfenon heykəllərinin geri qaytarılması ilə bağlı iddiaları olub.
Görüş ərəfəsində Mitsotakis Yunanıstanın mədəni irsinin, xüsusilə Parfenon heykəllərinin Afinaya qaytarılması məsələsini təcili hesab etdiyini və Sunakla müzakirə etmək niyyətində olduğunu bildirib. Yada salaq ki, heykəllər Yunan dövlətindən 200 ildən çox əvvəl Britaniya elçisi Lord Elgin tərəfindən götürülüb (o, 1799-cu ildən 1803-cü ilə qədər Konstantinopolda rəsmi vəzifədə olub). London onları heç vaxt Afinaya qaytarmağı planlaşdırmırdı.
Artıq məlumdur ki, Mitsotakis Sunakın ləğv etdiyi birgə danışıqlardan narazılığını açıq şəkildə ifadə edib: “Böyük Britaniyanın baş nazirinin planlaşdırılan görüşümüzü onun baş tutmasından bir neçə saat əvvəl ləğv etməsindən məyusluğumu bildirirəm”.
O əlavə edib ki, Parfenon heykəlləri ilə bağlı Yunanıstanın mövqeyi çoxdan məlumdur. Bundan əlavə, iki hökumət başçısının görüşündə Qəzza zolağındakı vəziyyət, Ukrayna münaqişəsi, iqlim böhranı və miqrasiya da daxil olmaqla əsas beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılırdı.
Rəsmiyyə Şərifova,
KONKRET.az
