“Görüş istəyirlər, amma zərbə endirirlər”- Putibackend

"Görüş istəyirlər, amma zərbə endirirlər"- Putin

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) Ukrayna Prezidenti Volodimir Zelenskinin məktubu, pərdəarxası danışıqlar və münaqişənin həlli yolları barədə diqqətçəkən bəyanatlar verib. Rusiya lideri rəsmi Kiyevin və Qərbin yürütdüyü siyasəti kəskin tənqid edərək, real şərtlərə əsaslanan razılaşmanın vacibliyini vurğulayıb.

KONKRET.az xəbər verir ki, Putin rusiyalı bir iş adamının bu yaxınlarda Kiyevdə Zelenski ilə görüşdüyünü və Ukrayna tərəfinin görüş xahişini ona çatdırdığını bəyan edib. Rusiya lideri Ukraynanın bu addımlarındakı ziddiyyətlərə toxunaraq bildirib: “Bunun mənası nədir? Onlar bir tərəfdən görüş xahiş edirlər, digər tərəfdən isə bizə zərbələr endirirlər”. O qeyd edib ki, Ukraynanın Rusiyanın infrastrukturuna hücumları ölkəyə müəyyən zərər vurur və bu, yalnız bir şeyi ifadə edir – Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemlərini daha da gücləndirməlidir.

Ukraynanın ABŞ-a münasibətinə toxunan Putin qeyd edib ki, rəsmi Kiyev silahları məhz ABŞ-dan almaq istəyir, lakin Vaşinqtonu təhlükəsizlik qarantı qismində görmək niyyətində deyil. O, keçmişə nəzər salaraq ABŞ-ın hazırkı Prezidenti Donald Trampın vaxtilə məktub müəllifini (Zelenskinin) necə “tərbiyə etdiyini” hamının gördüyünü xatırladıb. Rusiya dövlət başçısı Rusiyaya Minsk sazişlərinə bənzər, yalnız qarşı tərəfə vaxt qazandırmaq məqsədi daşıyan müvəqqəti razılaşmaların lazım olmadığını bir daha bəyan edib.

Münaqişənin gələcək nizamlanma modelini də şərh edən Putin vurğulayıb ki, fundamental və əsas məsələləri məhz Rusiya ilə Ukrayna öz aralarında həll etməlidir. Digər dövlətlər isə bu prosesdə yalnız lazımi şərait yarada və gələcək müqavilələrin qarantı qismində çıxış edə bilərlər. Qərbin sanksiya siyasətinə də toxunan Rusiya lideri, Rusiyanın beynəlxalq təcrid olunmasının əvvəldən mövcud olmadığını diqqətə çatdırıb. Çıxışının sonunda o, hərbi əməliyyatların gec-tez başa çatacağını, lakin bu sonun mütləq Rusiyanın qarşıya qoyduğu hərbi-siyasi hədəflər əsasında formalaşacağını bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*