Bu gün qloballaşan dünyada xalqlar arasında sürətlə gedən inteqrasiya prosesləri diaspor və lobbi təşkilatlarının rolunu daha da artırıb. Dövlətlərin beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsində onların xaricdə formalaşdırdığı diaspor şəbəkəsi, lobbiçilik fəaliyyəti və milli həmrəyliyi mühüm amillərdən biri hesab olunur.
Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin gücləndirilməsi, eləcə də diaspor quruculuğunun inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri olub. Ulu Öndərin təşəbbüsü və həyata keçirdiyi tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid milli dəyərlər ətrafında təşkilatlanması istiqamətində mühüm addımlar atılıb.
Hazırda diasporla iş sahəsində dövlət siyasəti yeni mərhələdə həyata keçirilir. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətin prioritet istiqamətlərindən biri kimi nəzərdən keçirən Prezident İlham Əliyev diaspor quruculuğu sahəsində müasir çağırışlara uyğun tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirir.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrin ictimai, siyasi və dövlət xadimləri, elm adamları, media nümayəndələri və müxtəlif qurumlarla əlaqələrin qurulması istiqamətində də mühüm işlər görülür.
44 günlük Vətən müharibəsi dövründə ölkə daxilində nümayiş etdirilən birlik və həmrəyliklə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların da milli həmrəyliyinin şahidi olduq. Həmin dövrdə xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində göstərdiyi fəallıq xüsusi əhəmiyyət daşıdı.
Xüsusilə müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diasporu və ermənipərəst dairələrin Azərbaycana qarşı informasiya kampaniyaları apardığı bir vaxtda azərbaycanlıların təşkilatlanaraq buna cavab verməsi mühüm amil oldu. Soydaşlarımızın keçirdikləri aksiyalar, müxtəlif platformalarda apardıqları maarifləndirici fəaliyyət və xarici ictimaiyyətlə əlaqələri Azərbaycanın mövqeyinin müdafiəsinə töhfə verdi.
Bu proses bir daha göstərdi ki, milli birlik və həmrəylik yalnız ölkə daxilində deyil, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması baxımından da mühüm əhəmiyyət daşıyır. Diaspor quruculuğu və lobbiçilik fəaliyyəti gücləndikcə Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsi üçün imkanlar da genişlənir.
Müstəqilliyin bərpasından sonra hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xarici səfərləri zamanı müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirir, onları təşkilatlanmağa, qarşılıqlı əlaqələri möhkəmləndirməyə və milli həmrəyliyi gücləndirməyə çağırırdı. Bu baxımdan, müasir Azərbaycan diaspor siyasətinin əsaslarının məhz Ulu Öndərin fəaliyyəti dövründə formalaşdığını qeyd etmək mümkündür.
Bu gün isə həmin siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlətin diaspor təşkilatlarına göstərdiyi diqqət və dəstək onların fəaliyyət imkanlarının genişlənməsinə şərait yaradır. Diaspor təşkilatlarının daha sistemli fəaliyyət göstərməsi, soydaşlarımız arasında əlaqələrin gücləndirilməsi və Azərbaycan həqiqətlərinin xarici auditoriyaya çatdırılması istiqamətində son illərdə müəyyən müsbət nəticələr əldə olunub.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Stavropol diyarında fəaliyyət göstərən “Odlar Yurdu” diaspor təşkilatının rəhbəri Fəxrəddin Yarıyev bildirib ki, Azərbaycan diasporunun fəaliyyəti son illərdə daha da inkişaf edib.

“Bu gün Azərbaycanın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor rəhbərləri və təşkilatları var. Onların hər biri yaşadıqları ölkələrdə Azərbaycanı layiqincə təmsil etməyə, ölkəmizin tarixini, mədəniyyətini və milli dəyərlərini tanıtmağa çalışır.
Diaspor fəaliyyətində müsbət dəyişikliklər müşahidə olunur. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bir araya gəlməsi, milli bayramların və mədəni tədbirlərin keçirilməsi, gənclərin diaspor fəaliyyətinə cəlb olunması bu sahənin inkişaf etdiyini göstərir.
Eyni zamanda, Azərbaycan diasporunun lobbiçilik istiqamətində də müəyyən irəliləyişlər var. Xaricdə yaşayan soydaşlarımızın yerli ictimaiyyət, media nümayəndələri və müxtəlif qurumlarla əlaqələrinin genişlənməsi ölkəmizlə bağlı obyektiv məlumatların daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır.
Əsas məqsəd bu müsbət dinamikanı qorumaq və daha da gücləndirməkdir. Diaspor təşkilatları arasında əməkdaşlığın artırılması, gənc nəslin prosesə fəal şəkildə cəlb edilməsi və müasir kommunikasiya imkanlarından düzgün istifadə Azərbaycan diasporunun gələcək fəaliyyətini daha da gücləndirə bilər”, – deyə F.Yarıyev bildirib.
Diaspor rəhbəri qeyd edib ki, güclü və fəal diaspor Azərbaycanın xaricdəki mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir. Onun sözlərinə görə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birlik nümayiş etdirməsi və milli maraqlar ətrafında həmrəy olması diaspor fəaliyyətinin effektivliyini daha da artırır.
Beləliklə, müasir dövrdə diaspor quruculuğu yalnız xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi deyil, həm də Azərbaycanın milli maraqlarının, tarixinin, mədəniyyətinin və həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından strateji əhəmiyyət daşıyır. Güclü təşkilatlanma, gənclərin prosesə cəlb olunması və lobbiçilik imkanlarının genişləndirilməsi Azərbaycan diasporunun gələcək fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalır.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun olaraq dərc edilir.

