“Son illər dünya miqyasında seysmik və tektonik aktivlik artmaqdadır. Ümumiyyətlə, bu aktivlik müəyyən dövrlərlə təkrarlanan periodik xarakter daşıyır. Aktivlik dövrlərinin müddəti isə müxtəlif seysmik ocaqlardan asılı olaraq dəyişir. Bəzi ocaqlarda bu aktivləşmə 10–15 il ərzində müşahidə olunur, digərlərində isə müddət 25 ilə qədər uzana bilir. Ocaqların aktivliyi mürəkkəb tektonik, geoloji və geodinamik proseslərin inkişafı ilə birbaşa əlaqəlidir.”
Bu fikirləri KONKRET.az-a açıqlamasında seysmoloq Qulam Babayev səsləndirib.
“Türkiyə coğrafi baxımdan mürəkkəb tektonik zonada yerləşir. Bu ərazi bir neçə qırılma xətlərinin və tektonik plitələrin qovşağında yerləşdiyindən, ölkə yüksək dərəcədə seysmik təhlükəyə məruz qalır. Son illər ərzində bölgədə tektonik aktivlik əhəmiyyətli dərəcədə artıb. Bu proseslər sabit qalmır və biz dünya miqyasında mütəmadi olaraq güclü və bəzən dağıdıcı zəlzələlərin baş verdiyini müşahidə edirik. 2025-ci ilin mart ayında Myanma, Tailand və xüsusilə qardaş Türkiyədə hiss olunan silsiləli güclü zəlzələlər buna bariz nümunədir.”
Seysmoloqun sözlərinə görə, son vaxtlar elmi dairələrdə belə qənaət formalaşır ki, Yerin seysmik aktivliyi Günəş, Yer və Ay arasındakı qarşılıqlı təsirlər fonunda da araşdırılmalıdır.
“Bu istiqamətdə tədqiqatlar aparılmalı və əlaqələrin təbiəti dərindən öyrənilməlidir. Mövcud müşahidələr göstərir ki, bu göy cisimləri arasında müəyyən qanunauyğun əlaqə mövcuddur və təsirlər seysmik aktivliyə müəyyən dərəcədə nüfuz göstərə bilər. Buna görə də paralel şəkildə kosmik faktorların – Günəş, Ay və Yer arasındakı sistemin Yer kürəsinə təsiri də davamlı şəkildə tədqiq olunmalıdır.“
Aynurə İsmayıl
KONKRET.az