Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMAbackend

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar.

KONKRET.az xəbər verir ki, Pravda.az-a açıqlama verən pediatr Xəyalə Quliyevanın sözlərinə görə, uşaqların günvurmadan qorunması üçün onların səhər saat 10:00-dan 15:00-dək günəş şüaları altında olmamaları lazımdır.

O qeyd edib ki, günvurma hadisələri daha çox bu saat aralığında baş verir: “Uşaq həyətə çıxarkən günəş şüalarından qoruyan papaq geyinməlidir. Burada geyimin rəngləri də əhəmiyyət kəsb edir. Daha çox əlvan rəng seçiminə üstünlük verilməlidir. Ürəkbulanma, qusma, hərarətin 39-40 dərəcəyədək yüksəlməsi ilə bağlı şikayətlər varsa, uşağı sərin yerə aparmaq, bol-bol maye qəbul etdirmək, hərarət üçün parasetamol və ya ibuprofen təkibli dərman vermək lazımdır. Vəziyyət ağırlaşarsa isə həkimə müraciət edilməlidir”.

Pediatr günvurma zamanı valideynlərin etdiyi yanlışlardan bəhs edib: “Bəzən bu hal yaşananda valideynlər uşaqlarını günün altında saxlamağa davam edirlər. Bəzən isə uşağı buz kimi suya salırlar, bədəninə soyuq su vururlar. Bunlar yolverilməzdir. Edilən yanlışlardan biri də huşu itən və ya qusan uşaqlara məcburi su içirtməkdir. Tibbi yardımı gecikdirirlər. Uşağın üstünü qalın örtürlər və ya dərhal isti geyim geyindirirlər, havasız qapalı yerdə saxlayırlar. Bunlar günvurma zamanı edildikdə mövcud əlamətləri daha da şiddətləndirə bilər ki, bu da daha ağır nəticələnə bilər. Ona görə günvurma varsa, dərhal uşaq sərin yerə aparılmalıdır. Ağır əlamətlər müşahidə edilərsə, təcili tibbi yardım çağırmaq lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*