“Gürcüstanda qarışıqlıq Azərbaycanın maraqlarına ziddir”backend

“Gürcüstanda qarışıqlıq Azərbaycanın maraqlarına ziddir”

Cənubi Qafqaz regionunda anti-Rusiya meyilləri güclənir…

Qonşu Gürcüstanın paytaxtı Tiflis bir neçə gündür ki, silkələnir. Parlamentin spikeri İrakli Kobaxidze yaranmış vəziyyətlə bağlı ötən həftə Bakıya səfərini yarımçıq qoyub. Minlərlə müxalifət tərəfdarı parlamentə hücum edib, onlardan bir qrupu binaya daxil olub. Xüsusi təyinatlılarla toqquşmalarda onlarla adam xəsarət alıb, xüsusi vasitələr, rezin güllələr tətbiq edilib.

Parlamentin qarşısında aksiya dağıdıldıqdan sonra müxalifətçilər hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının ofisinə basqın edib dağıdıblar. Ölkədə yaranmış vəziyyətlə bağlı prezident Salome Zurabişvili də Belarusa səfərini yarımçıq qoyub.

Zurabişvilinin sözlərinə görə, daxili qarşıdurmanı qızışdıran hər kəs Rusiyanın əlinə oynayır və Kremlin planlarını icra edir: “Rusiya bizim düşmənimizdir və işğalçıdır”.

Eks-prezident, hazırda Ukraynada olan Mixeil Saakaşvili isə etirazları dəstəkləyib, polisi xalqın tərəfinə keçməyə çağırıb. Tbilisidə iyunun 22-də saat 19:00-dan etibarən parlamentin qarşısında keçirilən daha bir aksiyaya hakim Gürcü Arzusu Partiyasının mərkəzi ofisinin qarşısında yekun vurulub. Etirazçılar  tələblərinin yerinə yetirilmədiyi halda, parlament qarşısında növbəti etiraz aksiyası keçiriləcyini bəyan ediblər. Etirazçılar ilk növbədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər. İştirakçıların növbəti tələbi iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının cəzalandırılması ilə bağlıdır. Aksiyanın digər tələbi proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Son tələb iyunun 20-də aksiyada qarşıdurma zamanı saxlanılanların dərhal azad olunmasıdır. Dünən ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyas keçirilib. Əraziyə polis və təcili tibbi yardım maşınları cəlb olunub. 4 gündür davam edən aksiyaların davam edəcəyi bəyan edilib.

Göründüyü kimi, Gürcüstanda sırf anti-Rusiya ovqatı hakimdir. Bu tendensiya Cənubi Qafqaz  respublikaları arasında yalnız Azərbaycan üçün xarakterik deyil. Eyni zamanda, Ermənistanda da cəmiyyətdə Rusiyaya qarşı aqressiya müşahidə edilir. Xüsusilə də Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra bu yöndə olan fikirlər açıq ifadə olunmağa başlayıb. Ermənistanda mütəmadi olaraq anti-Rusiya aksiyaları keçirilir.

Rusiya prezidenti Vladimir Putin isə Gürcüstanda baş verən son hadisələri Təhlükəsizlik Şurasının iclasında müzakirə edib. Müzakirələrin ardınca Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarının iyulun 8-dən etibarən dayandırılması haqda sərəncam verib. Bu qərar “Rusiyanın milli təhlükəsizliyinin təmin edilməsi, Rusiya vətəndaşlarının ”cinayətkar və digər qanunsuz hərəkətlərdən qorunması zərurəti” ilə əsaslandırılır. Habelə sərəncama əsasən turoperatorlara və turagentlərə tövsiyə edilir ki, Gürcüstan kurortlarına turpaketlərin satışından çəkinsinlər. Habelə Rusiya XİN iyunun 21-də bəyanatla çıxış edərək ölkə vətəndaşlarına “şəxsi təhlükəsizlikləri baxımından” Gürcüstana səfərlərdən çəkinməyi tövsiyə edib. XİN Gürcüstanda yaranmış daxili siyasi vəziyyətdən ciddi narahatlıq bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*