Bir neçə gündür ölkə qaynayır. Hamı müftü, hamı hüquqşünas, hamı cənnətin qapısında növbətçi olub. Gəlin bir az sakitləşək və faktlara baxaq.
Fakt 1. Azərbaycan Konstitusiyasına görə dövlət dünyəvidir, din dövlətdən ayrıdır, dövlət təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Bu, dünən uydurulmayıb. 30 ildir Əsas Qanunumuzda yazılıb.

Fakt 2. 7 iyul 2026-cı ildə “Ümumi təhsil haqqında” qanuna millilik və dünyəvilik prinsipi əlavə olundu. Şagird və müəllimlərin geyim tələblərinə əməl etməsi qanunda təsbit edildi. Yəni söhbət məktəb formasından gedir, kiminsə imanından yox.
Fakt 3. Bu, təkcə bizdə deyil. Fransada 2004-cü ildən dövlət məktəblərində nəzərə çarpan dini simvollar qadağandır. Qazaxıstanda, Tacikistanda da oxşar qaydalar var. Heç kim bu ölkələri “dinsiz” adlandırmır.
Fakt 4. Din adı altında birləşmələrin nə ilə nəticələndiyini unutmamışıq. 2015-ci il Nardaran hadisələrini, polislərin həlak olduğu o günləri yada salın. “Dini maarifləndirmə” kimi başlayan dərnəklərin bəzən hansı xarici mərkəzlərdən idarə olunduğu da sirr deyil. Dövlət qərar verəndə biz görmədiyimiz, bilmədiyimiz onlarla səbəbi nəzərə alır. Təhlükəsizlik məsələsi Facebook şərhlərində müzakirə olunmur.
Fakt 5. Heç saqqallı polis görmüsünüz? Ya şalvarı gödək hərbçi? Görməmisiniz. Çünki hər dövlət qurumunun öz forması, öz qaydası var. Heç kim polisə “imanına müdaxilə edirlər” deyə ağlamır. Məktəb də dövlət qurumudur, forması da var. Bu qədər sadə.
İndi gələk cənnət-cəhənnəm məsələsinə…
Bəzilərinin hesablamasına görə başını bağlamayan, şərab içən, bayramda musiqi dinləyən hamı cəhənnəmdə yanacaq. Yaxşı, maraqlıdır.
Bəs 2,4 milyard xristian? Yarım milyard buddist? Ömründə heç bir din kitabı görməyən, dünyanın ucqarında meyvə yığıb yaşayan qəbilə? Onlar nə edəcək, qapıda növbə gözləyəcəklər? Yoxsa onlar üçün ayrıca “orta zona” ayrılıb, yanında da çay-şəkər?
Bir də maraqlıdır, bu siyahını kim tutur? Çünki bu qədər əminliklə danışanlar, deyəsən, şəxsən göydə inventarizasiyaya buraxılıblar.

Hörmətli dostlar, iman insanla Allah arasındadır. Məktəb isə dövlətlə vətəndaş arasında. Birini o birinə qarışdıranda nə iman qalır, nə məktəb.
Dövlətimiz qərar veribsə, ona hörmət edək. Uşaqlarımız oxusun, düşünsün, sual versin. Cənnəti qazanmağın yolu da elə buradan keçir: savaddan, vicdandan, insanlıqdan.
Aynurə Azayeva
