Həbsdə olan MTN generalı məhkəmədə son söz dedibackend

Həbsdə olan MTN generalı məhkəmədə son söz dedi

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə ilk olaraq Mövlam Şıxəliyevə söz verilib. Təqsirləndirilən çıxışa hazır olmadığını bildirsə də, hakim onunla razılaşmayıb. Hakim Mövlam Şıxəliyevdən məhkəmədə son sözünü deməsini, ittihamlara münasibətini açıqlamasını istəyib. Hakimin təkidindən sonra Mövlam Şıxəliyev çıxışa başlayıb.

Mövlam Şıxəliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin ona qarşı qərəzli mövqedə dayandığını bir neçə dəfə vurğulayıb. O, ittihamların saxta olduğunu, işdəki sübutların saxtalaşdırıldığını deyib. Bildirib ki, cinayət işi üzrə zərərçəkənlərlə bağlı vaxtilə rəhbərlik etdiyi idarənin qərarı əsasında verilimiş məhkəmə tibb ekspertizası rəyləri qüvvədədir.

Təqsirləndirilən general MTN İstintaq Baş İdarəsinin rəisi olaraq onun vəzifəsi inzibatçılıqdan ibarət olduğunu deyib. O, prosessual şəxs olmadığını, verilən tapşırıqları müstəntiqlərə çatdırdığını, tapşırıqların icrasına nəzarət etdiyini deyib.

Mövlam Şıxəliyev baş prokuror Zakir Qaralovun, onun 1-ci müavini Rüstəm Usubovun MTN İstintaq İdarəsində istintaq olunan cinayət işlərinə birbaşa nəzarət etmək səlahiyyətində olduqlarını hakimin diqqətinə çatdırıb. “İstintaq Vüsal Ələkbərovun, Yasin Məmmədovun 8 milyon dollar pul alması qənaətinə gəlib, lakin həmin pulu kimə verdikləri haqda suala cavab verilməyib. Məhkəmə istintaqı zamanı üzə çıxıb ki, 8 milyon dollar pulu o və Yasin Məmmədov deyil, deputat Ziyad Səmədzadə alıb.

Buna baxmayaraq Ziyad Səmədzadə bu günə qədər dindirilməyib, bu məsələ ilə bağlı hər hansı bir istintaq hərəkəti həyata keçirilməyib: “Bu gün də məlum deyil ki, Ziyad Səmədzadə həmin pulu alıb və ya almayıb. Alıbsa, niyə alıb, kimə verib?”.

Daha sonra Mövlam Şıxəliyev deyib ki, baş prokuror Zakir Qaralovla Rüstəm Usubov istintaqa nəzarət edən vəzifəli şəxslər olublar. Onun sözlərindən belə anlaşılıb ki, əgər ortada qanunsuzluq, cinayət olubsa, hər ikisi istintaqa nəzarət edən vəzifəli şəxslər kimi bunu görməli, bilməli və aradan qaldırmalı idilər. Mövlam Şıxəliyev vurğulayıb ki, Zakir Qaralovla Rüstəm Usubov ibtidai istintaq dövründə dindirilməyiblər deyə bu məsələ də araşdırılmamış qalıb. Üzünü hakimə tutan təqsirləndirilən hər iki vəzifəli şəxsin məhkəmədə dindirilməsinə şərait yaratmadığını da xüsusi olaraq vurğulayıb.

Mövlam Şıxəliyev çıxışının sonunda bildirib ki, onun əməllərində cinayət tərkibi yoxdur. Hakimdən xahiş edib ki, barəsindəki cinayət işinə xitam verilsin və barəsində bəraət hökmü çıxarılsın.

Bundan sonra təqsirləndirilən Yasin Məmmədova son söz deyib. Çıxışına uzun illər Rusiyada işləməsi, Azərbaycana gələndən sonra MTN-də vəzifə pillələrində yüksəlməsindən söz salmaqla başlayan Yasin Məmmədov dövlət qarşısında xidmətlərini xüsusi vurğulayıb. O, 2020-ci ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxdığını deyib.

Təqsirləndirilən ittiham üzrə epizodları sadalamaqla günahının sübut olunmadığı bildirib. O, ittiham olunduğu cinayətlərlə bağlı sübut bazasının olmadığını, müşahidə kameralarından çıxarışların yoxluğunu, hər hansı bir cinayətinin olmadığını və sübuta yetirilmədiyini məhkəmənin diqqətinə çatdırıb.

Yasin Məmmədov hakimdən xahiş edib ki, onun övladlarını atasız qoymasın, barəsində bəraət hökmü çıxarılsın: “Mən bu dövlətə canımı fəda etmişəm, canımdan keçmişəm. Mənim balalarımı yetim, atasız, evsiz-eşiksiz qoymayın. Mən əyri, şikəst barmağımı göstərib kimsədən 1 milyon istəyə bilməzdim. Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı Baş İdarəsi süni şəkildə ittiham aktı tərtib edib. Bizə qarşı qərəzli mövqedə dayanıblar, saxta ittihamlar irəli sürüblər. Əməlimdə nəinki cinayət tərkibi yoxdur, ittihamda yazılan cinayət hadisəsi ümumiyyətlə olmayıb. Xahiş edirəm ki, barəmdə bəraət hökmü çıxarasınız”.

Digər təqsirləndirilən Sahib Ələkbərov ittihamları qəbul etmədiyini, zərərçəkənlərin hər birinin barəsində vaxtilə MTN İstntaq Baş İdarəsində istintaq olunan cinayət işləri üzrə məhkəmələrin qanuni qüvvədə olan hökmləri olduğunu deyib.

Təqsirləndirilən Vüsal Ələkbərov bildirib ki, ona 2 epizod üzrə ittiham verilib: “Həmin ittihamları vaxtında araşdırsaydılar, bu gün həmin ittihamlarla yenidən məhkəmə qarşısında olmazdım. Mənə həmin ittihamlar üzrə 12 il iş kəsdilər. 4 il həbsdə oldum, vəziyyətim çox ağır oldu. Amma bütün əziyyətlərim vətənə fəda olsun. Azərbaycan türməsinin divarları mənə doğmadır, əzizdir. Mənim başıma açılan bu oyunların bir səbəbi var, o da, hörmətli Mövlam Şıxəliyevə rahatca ittiham verilməsidir”.

Vüsal Ələkbərov ittihamlar üzrə özünü günahkar bilməyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Növbəti proses sentyabrın 20-də davam edəcək.

Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

Sentyabrın 13-də keçirilən prosesdə prokuror çıxışına əlavələr edib. O, Vüsal Ələkbərova əvvəl tələb etdiyi cəzadan imtina etdiyini, 12 il cəza tələbini 15 illik cəza tələbi ilə əvəzlənməsini məhkəmədən xahiş edib.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*