Bundestaqda femisid qurbanlarının xatirəsi ilk dəfə bir dəqiqəlik sükutla yad edilibbackend

Bundestaqda femisid qurbanlarının xatirəsi ilk dəfə bir dəqiqəlik sükutla yad edilib

Almaniya Bundestaqı tarixində ilk dəfə femisid – qadınların cinsinə görə öldürülməsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.

KONKRET.az xəbər verir ki, Bundestaqın sədri Yuliya Klökner parlament iclası başlamazdan əvvəl çıxışında bildirib ki, Almaniyada demək olar ki, hər gün zorakılıq nəticəsində bir qadın və ya qız uşağı həyatını itirir.

Onun sözlərinə görə, quru statistik rəqəmlərin arxasında dəhşətli cinayətlər dayanır. Bunlara qisas və qısqanclıq zəminində törədilən qətllər, intiharlar, eləcə də zorlamaların gizlədilməsi daxildir.

Klökner qeyd edib ki, ötən il femisid qurbanı olmuş hər bir qadının xatirəsinə bir dəqiqəlik sükut elan edilsəydi, parlament binasında beş saat 42 dəqiqə sükut hökm sürərdi.

Almaniya hökumətinin və Federal Cinayət Polisi İdarəsinin təqdim etdiyi məlumatlara əsasən, ötən il ölkədə 1200-ə yaxın qadın və qız uşağı qətl və ya qətlə cəhd cinayətlərinin qurbanı olub. Onlardan 342-si həyatını itirib.

Qadınlardan 209-u məişət zorakılığı nəticəsində öldürülüb. 130 qadının qətlinin isə hazırkı və ya keçmiş partnyorları tərəfindən törədildiyi bildirilir.

Qeyd edək ki, noyabrın 25-i Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Bu günün rəmzi rəngi narıncıdır. Bundestaqın sədri Yuliya Klökner də parlamentdə çıxışı zamanı məhz bu rəngdə geyimə üstünlük verib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*