Broyler toyuqlarının qısa müddətdə sürətlə böyüyərək yüksək çəkiyə çatması istehlakçılar arasında onların yetişdirilməsində hormonlardan istifadə olunması ilə bağlı müzakirələrə səbəb olur. Bir çox insan bu cür toyuqların sağlamlığa zərərli olduğunu düşünərək onların ətindən istifadəyə ehtiyatla yanaşır.
Bəs broyler toyuqlarının sürətli böyüməsinin əsl səbəbi nədir? Onların yetişdirilməsində həqiqətən hormonlardan istifadə olunurmu və bu ətin müntəzəm istehlakı insan sağlamlığı üçün təhlükə yaradırmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida texnoloqu Ağa Salamov bildirib ki, broyler toyuqlarının hormonlar vasitəsilə sürətlə böyüdülməsi ilə bağlı iddiaların elmi əsası yoxdur.

Onun sözlərinə görə, toyuqların qısa müddətdə çəki toplaması hormonlarla deyil, uzun illər ərzində aparılan seleksiya işləri və genetik xüsusiyyətləri ilə əlaqədardır.
Ekspert qeyd edib ki, broyler toyuqları qarğıdalı, soya, yağ, kəpək və vitaminlərlə zənginləşdirilmiş xüsusi balanslaşdırılmış yemlərlə bəslənir. Bu amillər onların sürətli inkişafına və qısa müddətdə çəki yığmasına şərait yaradır.
Ağa Salamovun sözlərinə görə, broyler təsərrüfatlarında quşların hərəkət imkanlarının məhdud olması və yemə asan çıxış əldə etməsi də çəki artımına təsir göstərən amillərdəndir. Toyuqlar enerjilərinin böyük hissəsini yemlənmə və böyüməyə sərf edirlər.
Qida texnoloqu hormon istifadəsinin iqtisadi baxımdan da səmərəli olmadığını vurğulayıb. Bildirib ki, bu cür müdaxilələr məhsulun maya dəyərini artırar və nəticədə satış qiymətinə təsir göstərər.
Beləliklə, broyler toyuqlarının sürətli böyüməsini hormonlarla əlaqələndirmək düzgün deyil. Bu proses əsasən genetik seleksiya, balanslaşdırılmış yemləmə və yetişdirilmə şəraiti ilə izah olunur.
Aynurə İsmayıl
KONKRET.az
