Dəmir kanslerin zəif nöqtəsi: Bismarkı ağır xəstəliklərdən xilas edən balıq pəhrizibackend

Dəmir kanslerin zəif nöqtəsi: Bismarkı ağır xəstəliklərdən xilas edən balıq pəhrizi

XIX əsrin ən qüdrətli siyasətçilərindən biri öz vərdişləri qarşısında aciz qalmışdı. Onun həyatını isə tibb ictimaiyyətinin əvvəlcə şübhə ilə yanaşdığı gənc bir həkim dəyişdi. Həkimin əsas müalicə vasitələrindən biri isə balıqdan ibarət pəhriz idi.

Söhbət Almaniyanı birləşdirən və tarixə “Dəmir kansler” kimi düşən Otto fon Bismarkdan gedir.

1883-cü ildə Avropanın ən nüfuzlu adamlarından biri olan Bismarkın çəkisi 124 kiloqrama çatmışdı. O, yuxusuzluqdan, podaqradan, nevralgiyadan və ciddi həzm problemlərindən əziyyət çəkirdi. Siyasi iradəsi ilə imperiya qurmağa nail olan kansler öz sağlamlığına nəzarət etməkdə çətinlik çəkirdi.

Əslində, onun yalnız siyasi iradəsi deyil, iştahası da dəmir kimi idi.

Bismarkın səhər yeməyi müasir dietoloqların təsəvvürünü belə alt-üst edə bilərdi. O, bir oturuşda yarım düzünə yumurta yeyə bilirdi. Süfrəsində ilan balığı, omar, hisə verilmiş ət, vetçina və pudinq də əskik olmurdu. Üstəlik, bütün bunları bəzən iştahasızlığından şikayət etdiyi günlərdə belə yeyirdi.

Həkimlər ona yüngül pəhriz məsləhət görəndə isə Bismark bunu özünəməxsus şəkildə anlayırdı. Onun yüngül yemək anlayışına şorba, forel, qızardılmış dana əti, üç dəniz qağayısının yumurtası və, əlbəttə, Burqund şərabı daxil idi.

Nəhayət, 68 yaşına çatanda bu həyat tərzinin nəticələri özünü ciddi şəkildə göstərdi. Kansleri nevralgiya, podaqra, yuxusuzluq və ağır həzm pozuntuları əldən salmışdı. Görünür, mədəsi artıq sahibinə qarşı müharibə elan etmişdi.

Berlinin ən yaxşı həkimləri müxtəlif müalicə üsullarını sınamışdılar. Lakin əsas problemə – Bismarkın yemək və içmək vərdişlərinə ciddi müdaxilə etməyə heç kim cürət etmirdi.

Dəmir kanslerin qarşısına çıxan gənc həkim

Bu məqamda Bismarkın oğlu atasına Ernst Şveninger (1850–1924) adlı gənc bavariyalı həkimə müraciət etməyi təklif etdi.

Şveningerin cəmi 32 yaşı vardı. Qalın qara saqqalı, özünəməxsus xarakteri və ənənəvi tibbi yanaşmalara fərqli münasibəti ilə seçilirdi. Onun nə yüksək elmi titulu, nə də tibb ictimaiyyətində möhkəm nüfuzu var idi. Üstəlik, dövrünün tibbi avtoritetlərinə kor-koranə tabe olmur, öz müalicə üsullarına üstünlük verirdi.

İki kişinin ilk görüşü də kifayət qədər maraqlı keçdi.

Bismark kobud şəkildə bildirdi ki, həkimin suallarına cavab vermək fikrində deyil.

Şveninger isə sakitcə cavab verdi:

“Bu halda sizə həkim yox, baytar lazımdır”.

Təəccüblüdür ki, belə sərt cavaba baxmayaraq, gənc həkim işə qəbul edildi.

Şveninger kanslerin evində qalmağa başladı. Bismark yuxuya gedənə qədər onun yanında növbə çəkir, mətbəxə və yemək otağına ciddi nəzarət edirdi.

Həkim tezliklə başa düşdü ki, problem təkcə ayrı-ayrı xəstəliklərdə deyil, kanslerin bütövlükdə həyat tərzindədir. Bismark həddindən artıq yeyir, spirtli içki qəbul edir, siqaret çəkir, qidalanma rejiminə məhəl qoymur və daimi əsəb gərginliyi içində yaşayırdı.

Tarixi mənbələrdə onun yemək rejimi həqiqətən də heyrət doğurur.

Kanslerin ilk əsas yeməyi günorta saatlarına yaxın verilirdi. Süfrədə rostbif, bifşteks, ov əti, quş əti, pudinqlər, pivə, qırmızı şərab və şampan olurdu. Axşam yenidən bir neçə xörəkdən ibarət bol süfrə açılır, gecə yarısına yaxın isə çay içmək adət halını alırdı.

Bir sözlə, Bismarkın qidalanması fasiləsiz qastronomik marafonu xatırladırdı.

Balıq pəhrizi və dəyişən həyat tərzi

Şveninger ilk növbədə kanslerin gündəlik vərdişlərini dəyişdirməyə qərar verdi. O, qidalanmanı sadələşdirdi, yeməklərin kaloriliyini azaltdı, spirtli içkilərin qəbulunu məhdudlaşdırdı, müntəzəm gəzintilər və fiziki fəallıq təyin etdi. Eyni zamanda, normal yuxu rejiminin bərpasına çalışdı və verdiyi göstərişlərin yerinə yetirilməsinə ciddi nəzarət etdi.

Müalicənin əsasını XIX əsrdə aşağıkarbohidratlı qidalanma prinsipləri ilə tanınan ingilis Uilyam Bantinqin yanaşması təşkil edirdi.

Bismarkın rasionundan ilk növbədə nişasta və şəkərlə zəngin məhsullar çıxarıldı. Həkim kanslerin yemək zamanı şərab və digər içkilər qəbul etməsini də məhdudlaşdırmağa çalışdı. Uzun müddət onun qidalanmasında əsas yerlərdən birini balıq, xüsusilə siyənək tutdu.

Bu qeyri-adi pəhrizin nəticələri barədə yayılan məlumatlar olduqca təsirlidir.

Bildirilir ki, bir il ərzində Dəmir kansler təxminən 27 kiloqram arıqladı. Yuxusu yaxşılaşdı, yenidən at sürməyə başladı və fiziki gücünü müəyyən qədər bərpa etdi.

Ən diqqətçəkən məqam isə Bismarkın bundan sonra da uzun müddət siyasi fəaliyyətini davam etdirməsi idi. O, 1890-cı ilə qədər Almaniya İmperiyasının reyxs kansleri vəzifəsində qaldı.

Bismarkın arıqlama hekayəsi o qədər məşhurlaşdı ki, onun çəkisi göstərilən reklam açıqcaları belə meydana çıxdı. Bu açıqcalardan “Bismark tərəzisi” adlandırılan xüsusi tərəzilərin reklamında istifadə olunurdu.

Beləliklə, çoxsaylı məşhur həkimlərin bacarmadığını gənc Şveninger etdi: Dəmir kansleri öz həyat tərzini dəyişməyə məcbur etdi.

Almaniyanı dəmir iradəsi ilə birləşdirən adam, görünür, öz iştahası qarşısında məğlub olmuşdu. Onu isə başqalarının deməyə cürət etmədiyini söyləməkdən çəkinməyən həkim xilas etdi.

Şveningerin özü də məşhur həkimə çevrildi

Lakin bu hekayə burada bitmədi.

Berlin Universiteti əvvəlcə Şveningerə professor vəzifəsi vermək istəmirdi. Onun müalicə üsulları şübhə ilə qarşılanır, bəzi həmkarları isə həkimi hətta şarlatan adlandırırdılar.

Ancaq Şveningerin çox nüfuzlu bir pasiyenti vardı.

1884-cü ildə Bismark öz həkiminin Berlin Universitetində dermatologiya üzrə ekstraordinar professor təyin olunmasına və Şarite klinikasında müvafiq şöbəyə rəhbərlik etməsinə nail oldu.

Sonrakı illərdə Şveninger öz tibbi baxışlarını inkişaf etdirdi. Onun yanaşmaları akademik tibblə tez-tez ziddiyyət təşkil etsə də, qidalanma, həyat tərzi və sağlamlığın qorunması məsələlərinə xüsusi diqqət yetirirdi.

O, artıq sadəcə Bismarkın yanında peyda olmuş gənc həkim deyildi. Zamanla Almaniyanın tanınmış həkimlərindən birinə çevrildi. Pasiyentləri arasında digər məşhur şəxslər, o cümlədən Vaqner ailəsinin nümayəndələri də vardı.

Şveningerlə Bismark arasındakı münasibətlər kanslerin 1898-ci ildə vəfatına qədər davam etdi. Həkim sonralar alman dermatologiyası tarixində də özünəməxsus yer tutdu.

Onun adı ilə əlaqələndirilən marinadlanmış siyənək isə bu qeyri-adi hekayəni bu gün də xatırladır. Belə çıxır ki, tarixdə ən məşhur arıqlama əhvalatlarından birinin əsas qəhrəmanlarından biri birbaşa balıq mağazasından almaq mümkün olan sadə bir məhsuldur.

Tarixi faktlar: Bismark, siyənək və Bantinq

Otto fon Bismark (1815–1898)

Otto fon Bismark 1 aprel 1815-ci ildə anadan olub, 30 iyul 1898-ci ildə vəfat edib. O, 83 il yaşayıb.

Bismark 1890-cı ilə qədər Almaniya İmperiyasının reyxs kansleri olub. İmperator II Vilhelmlə fikir ayrılıqları nəticəsində vəzifəsindən istefa verməyə məcbur edilib.

Almaniyanın birləşdirilməsində həlledici rol oynayan Bismark sonrakı illərdə Avropada siyasi tarazlığı qorumaq üçün mürəkkəb diplomatik ittifaqlar sistemi qurmuşdu. Onun danışıqları, siyasi manevrləri və diplomatik strategiyası onilliklər ərzində Avropa siyasətinə təsir göstərib.

Generallara, nazirlərə, diplomatlara və hətta imperatorlara təsir göstərməyi bacaran bu güclü xarakterli siyasətçi öz sağlamlığını idarə etməkdə isə eyni dərəcədə uğurlu deyildi.

Bismarckhering – “Bismark siyənəyi”

Alman mətbəxinin məşhur qəlyanaltılarından biri olan Bismarckhering, yəni “Bismark siyənəyi” turş-şirin sirkə marinadında hazırlanmış siyənək filesidir. Adətən ona soğan və müxtəlif ədviyyatlar əlavə olunur.

Bu adın tarixinin 1871-ci ildən başladığı hesab edilir. Həmin il Ştralzund şəhərindən olan sahibkar İohann Vixmann Almaniyanın birləşməsi və Almaniya İmperiyasının elan edilməsi münasibətilə Bismarka özünün hazırladığı siyənəkdən bir çəllək göndərmişdi.

O, həmçinin məhsuluna kanslerin adını vermək üçün icazə istəmişdi. Bismarkın bu təklifə razılıq verdiyi bildirilir.

Beləliklə, “Bismark siyənəyi” adı yaranıb.

Uilyam Bantinq (1796–1878)

Uilyam Bantinq dəfn mərasimlərinin təşkili ilə məşğul olan ingilis idi. Özü də artıq çəkidən əziyyət çəkirdi və uzun müddət arıqlamağa çalışsa da, istədiyi nəticəni əldə edə bilmirdi.

XIX əsrin ortalarında həkimi Uilyam Harviyə müraciət etdikdən sonra qidalanma rejimini dəyişdirdi. Çörək, kartof, şəkər və karbohidratla zəngin digər məhsulların istehlakını azaltdı, ət, balıq və zülal baxımından zəngin qidalara üstünlük verdi.

Nəticədə nəzərəçarpacaq dərəcədə arıqladı. 1863-cü ildə isə “Letter on Corpulence, Addressed to the Public” – “İctimaiyyətə ünvanlanmış piylənmə haqqında məktub” adlı kiçik broşürünü nəşr etdirdi.

Broşür böyük populyarlıq qazandı. Hətta ingilis dilində “banting” sözü bir müddət pəhriz saxlamaq və arıqlamaq mənasında işlədildi.

Bu səbəbdən Uilyam Bantinq müasir aşağıkarbohidratlı pəhrizlərin tarixi sələflərindən biri hesab olunur.

Təqdim etdi: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*