Deyirlər ki, qadın kişini həqiqətən sevirsə, onun üçün uşaq dünyaya gətirməyə hazırdır. Kişi isə sevdiyi qadın naminə ən əziz şeyindən belə imtina edə bilər. Amma gözəl sözlər söyləmək başqa, hakimiyyətdən, şöhrətdən və ailənin əsrlər boyu sahib olduğu taxtdan əl çəkmək tamam başqa məsələdir. Tarix sevgisini taxt-tac naminə qurban verən çoxlu hökmdar tanıyır. Ancaq məhəbbət uğrunda tacından könüllü imtina edənlər, demək olar ki, yoxdur. Böyük Britaniya kralı VIII Edvard məhz belə bir hökmdar oldu.
1936-cı ilin yanvarında atası, kral V Corcun ölümündən sonra taxta çıxan Edvardın qarşısında milyonlarla insanın xəyal etdiyi bir həyat dayanırdı: Britaniya taxtı, Hindistan imperatoru titulu və üzərində günəşin batmadığı nəhəng imperiyaya rəhbərlik etmək imkanı. İlk baxışdan onun hər şeyə sahib olduğu görünürdü. Bir istisna ilə: sevdiyi qadının yanında olmaq hüququ.
Baltimorlu amerikalı qadın
Uollis Simpson Edvardın həyatına hələ Uels şahzadəsi olduğu dövrdə daxil olmuşdu. Onları 1931-ci ilin yanvarında şahzadənin sevgilisi ledi Telma Fernes tanış etmişdi. Baltimorda doğulan amerikalı qadın həmin vaxtadək ilk əri, dəniz aviasiyası zabiti Uinfild Spenserdən boşanmış, daha sonra ingilis-amerikalı gəmi brokeri Ernest Simpsonla ailə qurmuşdu.
Uollisin nə zadəgan mənşəyi, nə də Britaniya sarayının qəbul edə biləcəyi qüsursuz reputasiyası vardı. Gələcək kralın həyat yoldaşı olmaq üçün onun namizədliyi saray dairələrində, demək olar ki, qəbuledilməz sayılırdı.
Lakin qadınların diqqətinə və rəğbətinə öyrəşmiş Edvard Uollisin yanında tamam başqa insana çevrilmişdi. O, qısqanır, tərəddüd edir, bəzən də özünü aşiq bir yeniyetmə kimi aparırdı. Təxminən 1934-cü ildən onların münasibətləri daha da yaxınlaşdı. Şahzadə həftədə bir neçə dəfə Simpsonların evinə baş çəkirdi. Ernest isə uzun müddət baş verənlərə göz yumurmuş kimi davranırdı. Zaman keçdikcə onun da Uollisin köhnə dostu Meri Raffreylə münasibət qurduğu bildirilir.
“Onunla evlənmək niyyətindəsiniz?”
Edvard kral taxtına çıxanda məlum oldu ki, Britaniya cəmiyyəti Uollisi gələcək kraliça kimi qəbul etməyə hazır deyil. Baş nazir Stenli Bolduin və hökumət üzvləri, dominionların rəhbərləri, Kenterberi arxiyepiskopu, cəmiyyətin nüfuzlu təbəqələri və kral ailəsinin özü bu nikahın əleyhinə idi.
Aristokratiya üçün Uollis şübhəli mənşəli amerikalı qadın, sadə britaniyalılar üçün isə iki dəfə ailə qurub boşanmış və üçüncü dəfə ərə getməyə hazırlaşan bir şəxs idi. 1936-cı ilin payızında, Qay Foks gecəsində keçirilən aristokratik məclislərdən birində ənənəvi olaraq tonqala atılan sui-qəsdçi büstünün yerinə Uollis Simpsonun büstünün qoyulduğu da söylənilir.
Həlledici söhbətlərdən biri kralın hakimiyyətinin ilk günlərində baş vermişdi. Taxta çıxmasından cəmi iyirmi gün sonra Edvard Ernest Simpsonu şam yeməyinə dəvət etmişdi. Həmin görüşdə iştirak edən şəxslərdən birinin xatirələrinə görə, kral Ernestdən açıq şəkildə soruşmuşdu: “Ciddisiniz? Onunla evlənmək niyyətindəsiniz?”
Ernest cavab verməzdən əvvəl kral kreslosundan qalxaraq belə demişdi: “Məgər düşünürsünüz ki, mən Uollis yanımda olmadan tacqoyma mərasiminə gedəcəyəm?”
Nəticədə Ernest həyat yoldaşına boşanma verməyə razılaşmışdı.
Uollisin özü isə taleyinin onun iştirakı olmadan həll edildiyini öyrənəndə qəzəblənmişdi. O, kraldan uzaqlaşmağa çalışır, məktublarında münasibətlərinin hər ikisinə bədbəxtlik gətirəcəyini yazırdı. İllər sonra yazıçı Qor Vidal ilə söhbətində belə deyəcəkdi: “Mən heç vaxt ərə getmək istəməmişəm. Bu, tamamilə onun fikri idi”.
Taxtdan imtina
1936-cı il noyabrın 16-da kral Stenli Bolduinə Uollis boşanan kimi onunla evlənmək niyyətində olduğunu bildirdi. Hüquqi baxımdan Edvardın evlənib taxtda qalmasına birbaşa maneə yox idi. Lakin hökumət belə nikahı qəbul etməyəcəyini açıq şəkildə bəyan etdi.
Edvard kompromis yolu təklif etdi: Uollislə morqanatik nikah bağlamaq, yəni onu həyat yoldaşı kimi qəbul etmək, lakin kraliça titulunu verməmək. Ancaq Nazirlər Kabineti və dominionların rəhbərləri bu variantı da rədd etdilər.
Dekabrın əvvəlində Uollis jurnalistlərin təqibindən uzaqlaşmaq üçün Fransaya getdi. Ayrılarkən kral ona belə dedi: “Mən səndən heç vaxt əl çəkməyəcəyəm”.
1936-cı il dekabrın 10-da Edvard şəhərətrafı iqamətgahı Fort-Belvederdə üç qardaşının iştirakı ilə taxtdan imtina aktını imzaladı. Dekabrın 11-də parlament bu qərarı rəsmiləşdirdi və Edvard kral statusunu itirdi.
Həmin axşam bütün Britaniya onun radio ilə xalqa müraciətini dinlədi:
“Sevdiyim qadının köməyi və dəstəyi olmadan məsuliyyətin ağır yükünü daşıya bilməyəcəyimi və kral vəzifələrini istədiyim kimi yerinə yetirə bilməyəcəyimi anladım”.
O, Uollisin adını çəkməsə də, qərarı özünün qəbul etdiyini və bunun məsuliyyətini daşıdığını xüsusi vurğuladı.
Beləliklə, Britaniya monarxını, Edvard isə imperiyanı itirdi. Ertəsi gün onun kiçik qardaşı VI Corc adı ilə kral elan edildi. Edvarda isə Vindzor hersoqu titulu verildi.
Kral ailəsi onun bu addımını, demək olar ki, xəyanət kimi qiymətləndirdi. Qohumlarla münasibətlər onilliklər ərzində soyuq qaldı. Hersoq üçün xüsusilə ağrılı məqamlardan biri Uollisə «Onun Kral Ali Həzrəti» titulunun verilməməsi idi. Halbuki bu titul Edvardın özündə saxlanılmışdı. O, bu incikliyi ömrünün sonuna qədər unuda bilmədi.
Sürgün və toy
Taxtdan imtina etdiyi gecə keçmiş kral hərbi gəmi ilə İngiltərəni tərk etdi. Lakin Uollisin yanına deyil, Avstriyaya — baron Rotşildin təklif etdiyi Vyana yaxınlığındakı Enzesfeld qəsrinə yollandı.
Həmin vaxt onların görüşməsi mümkün deyildi. Uollisin boşanma prosesi hələ başa çatmamışdı və vaxtından əvvəl baş tutacaq görüş hüquqi prosedura mane ola bilərdi. Beləliklə, aylarla bir-birlərindən ayrı yaşamağa məcbur oldular. Yaxınlarının xatirələrinə görə, saatlarla davam edən telefon danışıqları onların əsas ünsiyyət vasitəsinə çevrilmişdi.
Toy 1937-ci il iyunun 3-də Fransanın Tur şəhəri yaxınlığındakı Kande qəsrində keçirildi. Britaniya kral ailəsinin heç bir üzvü mərasimdə iştirak etmədi.
Qəsrin sahibi fransız-amerikalı sənayeçi Şarl Bedo idi. O, yeni evlənənlərə qonaqpərvərlik göstərməklə kifayətlənmədi, həm də onların Almaniyaya səfərinin təşkilində mühüm rol oynadı. Bu səfər isə sonradan Vindzorların reputasiyasına uzun müddət kölgə salacaqdı.
Hitlerin qonağı
Toyun təşkilinə görə minnətdarlıq əlaməti olaraq nasistlərə rəğbət bəsləyən Şarl Bedo hersoq və hersoginya üçün Almaniyaya səfər təşkil etməyi üzərinə götürdü.
Britaniya hökuməti bu səfərə qəti etiraz etsə də, Vindzorlar 1937-ci il oktyabrın 11-də Almaniyaya gəldilər və orada təxminən iki həftə qaldılar. Səfərin bütün xərclərini Almaniya tərəfi ödəyirdi. Qonaqları Almaniya Əmək Cəbhəsinin rəhbəri Robert Ley müşayiət edirdi. Onlar getdikləri hər yerdə svastikalı bayraqlarla və nasist salamları ilə qarşılanırdılar.
Hersoq zavodlara və fəhlə qəsəbələrinə baş çəkdi, Hermann Görinq, Yozef Göbbels və Rudolf Hesslə görüşdü.
Oktyabrın 22-də isə Vindzorları Adolf Hitler Oberzalsberqdəki Alp iqamətgahı Berqhofda qəbul etdi. Şahidlərin xatirələrinə görə, görüşün sonunda Hitler əlini nasist salamı ilə qaldırmış, hersoq da eyni jestlə ona cavab vermişdi.
Hitlerin tərcüməçisi sonradan xatırlayırdı ki, görüşdən sonra fürer Uollis Simpson haqqında belə demişdi: “Ondan yaxşı kraliça çıxardı”.
Almaniyadan qayıtdıqdan sonra hersoq Hitlerə məktub yazaraq Oberzalsberqdə keçirdiyi xoş günlərə görə təşəkkür etmişdi.
Tarixçilər bu səfərin təsadüfi xarakter daşımadığına diqqət çəkirlər. Bir neçə il əvvəl üzə çıxarılmış 1936-cı il tarixli məktubda Edvard Almaniya ilə “ən sıx əməkdaşlıq” qurmaq arzusundan danışırdı.
Onun əmisi oğlu və etibarlı şəxsi, kraliça Viktoriyanın nəvəsi Saksen-Koburq-Qota hersoqu Karl Eduard isə açıq şəkildə nasistlərə qoşulmuşdu. Tarixçilərin fikrincə, o, Hitlerin Britaniya zadəganları ilə əlaqələrində gizli vasitəçi rolunu oynayırdı.
Üçüncü Reyxin silahlanma naziri Albert Şpeer də xatirələrində Hitlerin Edvardın taxtdan imtina etməsindən təəssüfləndiyini yazırdı. Onun sözlərinə görə, Hitler hesab edirdi ki, Edvard taxtda qalsaydı, Almaniya ilə Böyük Britaniya arasındakı münasibətlər tamamilə fərqli istiqamətdə inkişaf edə bilərdi.
“Villi” əməliyyatı
Bu hekayənin ən qaranlıq səhifələrindən biri 1940-cı ilin yayına təsadüf edir.
İkinci Dünya müharibəsi başlayanda hersoq Fransadakı Britaniya hərbi missiyasında xidmət edirdi. Alman qoşunları Parisi ələ keçirdikdən sonra Vindzorlar əvvəlcə İspaniyaya, daha sonra Portuqaliyaya getdilər.
Məhz həmin dövrdə Berlində “Villi əməliyyatı” adlı gizli plan hazırlanmışdı. Hitlerin şəxsi tapşırığı ilə SS kəşfiyyatçısı Valter Şellenberqə hersoqu Frankonun idarə etdiyi İspaniyaya qayıtmağa razı salmaq, bu mümkün olmadıqda isə onu qaçırmaq tapşırılmışdı.
Əməliyyat üçün Şellenberqə böyük məbləğdə vəsait ayrıldığı bildirilir. Müxtəlif mənbələrdə bu məbləğin təxminən 50 milyon İsveçrə frankı olduğu göstərilir.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri İoaxim fon Ribbentropun teleqramlarından belə nəticə çıxarılır ki, nasist Almaniyası müharibədə qalib gələcəyi təqdirdə hersoqu Britaniya taxtına qaytarmağı, Uollisi isə kraliça elan etməyi planlaşdırırdı.
Lakin əməliyyat baş tutmadı.
Britaniyanın baş naziri Uinston Çörçill hersoqu Avropadan mümkün qədər tez uzaqlaşdırmağa çalışdı. Edvard Baham adalarının qubernatoru təyin edildi. 1940-cı il avqustun 1-də Vindzorlar Nassauya yola düşdülər.
Hersoq bu təyinatı heç də sevinclə qarşılamadı. O, bunu fəxri vəzifədən daha çox, faktiki sürgün kimi qəbul edirdi.
“Villi əməliyyatı” ilə bağlı sənədlər 1945-ci ilin mayında Almaniya Xarici İşlər Nazirliyinin arxivləri arasında, Harz dağlarında aşkar edilmiş və Marburq qalasında toplanmışdı. Bu səbəbdən həmin materiallar tarixə “Marburq sənədləri” adı ilə düşdü.
2017-ci ildə məxfiliyi ləğv edilən Britaniya sənədlərində Çörçillin bu materialların dərc olunmasının qarşısını almağa çalışdığı göstərilir. Hətta onun bu məsələ ilə bağlı ABŞ generalı Duayt Eyzenhauerə müraciət etdiyi bildirilir.
1957-ci ildə sənədlərin bir hissəsi ictimaiyyətə açıqlananda isə hersoq onları saxta və uydurma materiallar adlandırmışdı.
Yarım əsr gizli qalan müsahibə
1940-cı il dekabrın 19-da Nassauda hersoq Uollisin iştirakı ilə Amerikanın “Liberty” jurnalının baş redaktoru Fulton Oslerə müsahibə verdi. Osler ABŞ prezidenti Franklin Ruzveltə yaxınlığı ilə tanınırdı.
Jurnalistin qeydlərinə görə, hersoq Hitler haqqında müsbət fikirlər səsləndirmiş, onu “alman xalqının qanuni və məntiqli lideri” adlandırmışdı. O, Hitleri böyük şəxsiyyət kimi təqdim etmiş, onun hakimiyyətdən uzaqlaşdırılmasının dünya üçün faciə olacağını bildirmişdi. Edvard, həmçinin Ruzveltə çatdırılmasını xahiş etmişdi ki, sülhün əldə olunmasına kömək göstərməyə hazırdır.
Hersoqun adyutantı müsahibənin məzmunundan xəbər tutandan sonra Oslerə xəbərdarlıq etmişdi:
“Bunlar üzə çıxsa, Britaniya imperiyası parça-parça olacaq”.
Müsahibə heç vaxt dərc edilmədi. Jurnalistin qeydləri yalnız 1991-ci ildə, ölümündən sonra oğlu tərəfindən ictimaiyyətə təqdim olundu.
Hələ 1960-cı illərdə isə lord Kinrossun xatirələrinə görə, hersoq ona Hitler barədə belə demişdi: “O, o qədər də pis adam deyildi”.
Xain, yoxsa siyasi korluğun qurbanı?
VIII Edvardın siyasi mövqeyi və nasist Almaniyasına münasibəti bu gün də tarixçilər arasında mübahisə doğurur.
Britaniyalı tarixçi Endryu Louni Vindzorlar haqqında yazdığı kitabı “Xain kral” adlandırıb. Daha yumşaq mövqe tutan bioqraflar isə hesab edirlər ki, hersoqa qarşı irəli sürülə biləcək ən ciddi ittiham onun görmək istəmədiyi reallıqlara göz yummasıdır.
Bir qrup tarixçi Edvardın davranışını siyasi uzaqgörənliyin olmaması və nasizmin mahiyyətini dərk edə bilməməsi ilə izah edir. Digərləri isə bunu Avropa aristokratiyasının müəyyən hissəsində geniş yayılmış bolşevizm qorxusu və Birinci Dünya müharibəsinin dəhşətlərini yaşamış Edvardın yeni müharibədən yayınmaq istəyi ilə əlaqələndirirlər.
Həmin dövrdə Hitlerə səfər etmək Avropa elitasının bəzi nümayəndələri üçün qeyri-adi hadisə sayılmırdı. Vindzorlardan əvvəl Britaniyanın keçmiş baş naziri Devid Lloyd Corc da Hitlerlə görüşmüşdü.
Lakin başqa bir qrup tarixçi Edvardın mövqeyində sadəcə siyasi sadəlövhlük deyil, Üçüncü Reyxə şüurlu rəğbət əlamətləri görür.
Bir-birinə bağlı ömür
Edvard taxtdan imtina etdiyinə görə peşman olmuşdumu?
Müxtəlif mənbələrdə onun bu suala “Eyni vəziyyət yenidən yaransaydı, yenə də eyni qərarı verərdim” cavabını verdiyi iddia olunur. Ancaq bu sözlərin etibarlı sənədlərlə təsdiqləndiyini söyləmək çətindir.
Daha aydın olan isə budur ki, o, ömrünün sonunadək Uollis üçün kral ailəsinin tanınmasını və ona kraliça tituluna yaxın bir status verilməsini istəyirdi. Lakin bu istəyinə nail ola bilmədi.
Son vəsiyyət
VIII Edvard 1972-ci il mayın 28-də Parisdə boğaz xərçəngindən vəfat etdi. Ölümündən on gün əvvəl onu qardaşı qızı, kraliça II Yelizaveta ziyarət etmişdi. Kraliça həmin vaxt Fransaya dövlət səfərində idi.

Ərinin dəfn mərasimi zamanı Uollis ilk dəfə Bukingem sarayında kraliçanın qonağı kimi qaldı. O, Edvarddan 14 il artıq yaşadı və 1986-cı ilin aprelində Parisdə vəfat etdi. Son arzusu yerinə yetirildi: Uollis ərinin yanında dəfn olundu.
Beləliklə, bir vaxtlar Britaniya imperiyasının taxtından məhəbbət naminə imtina edən kralın həyatı, seçdiyi qadınla birlikdə, Fransada başa çatdı. Onların sevgisi bir ömür sürdü, amma Edvardın taxtdan imtinası ilə başlayan siyasi və ailəvi mübahisələr ölümündən sonra da tarixçilərin diqqət mərkəzində qaldı.
Redaksiya qeydi: Mətnin əsas süjet xətti qorunub. Bununla belə, dərcdən əvvəl xüsusilə “Villi” əməliyyatı üçün ayrıldığı deyilən 50 milyon İsveçrə frankı, Çörçillin Marburq sənədlərinin dərcinə mane olmaq cəhdləri, Fulton Oslerin müsahibəsindəki sitatlar və Edvardın şəxsi söhbətlərinə aid edilən ifadələr ilkin mənbələrlə dəqiqləşdirilməlidir. Bunlar məqalənin ən sensasiyalı, eyni zamanda ən çox yoxlanılmalı hissələridir.
Hazırladı: Natiq Səlim,
KONKRET.az

