Məsum gecənin ilk işarəsi bütün ölkədəki mənzillərdə televiziya ekranlarının qəfildən qaralması ilə verildi. Fövqəladə vəziyyət elan edilmədən sovet qoşunları bir neçə istiqamətdən Azərbaycan paytaxtına daxil olaraq misli görünməmiş hərbi cinayət törətdilər.
İndiyədək paytaxt küçələrində atılan güllələrin vıyıltısı, dinc, silahsız əhalinin üzərinə şığıyan tankların gurultusu, silahsız insanların, binaların, avtobusların, avtomobillərin, hətta “təcili yardım” maşınlarının atəşə tutulması, qaranlıq səmada fosforlu güllələrin işıq saçması, səhər erkən gəmilərin böyük fəlakəti xəbər verən qulaqbatırıcı fit səsi, sakinlərin heç nədən qorxmadan amma həyəcan içində küçələrə axışması, meyitlərin arasında doğmalarını axtarması, küçələrə səpələnən qərənfillər, 2 milyonluq insan axınının keçirdiyi dəfn mərasimi, “Azadlıq” radiosunun aparıcısı Mirzə Xəzərin həyəcanlı səsi, Bəxtiyar Vahabzadənin harayı, Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarovanın dünya dövlətlərinə müraciəti, o zaman Moskvada yaşayan Heydər Əliyevin bütün təhlükələrə baxmayaraq Azərbaycan SSR-in daimi nümayəndəliyinə gələrək Kremli ittiham etməsi və digər hadisələr kino lenti kimi təkrar-təkrar gözlərimizin önündən ötür.
Yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın düşməni, erməni diasporunun və ermənilərin beynəlxalq havadarların əlində yüngül oyuncağa çevrilmiş Mixail Qorbaçovun Qarabağın ətrafında oynadığı məkrli oyunlar dinc və günahsız Bakı sakinlərinə qarşı misli görünməmiş qanlı qırğının törədilməsi ilə nəticələndi. Rus-sovet imperiyasının cinayətkar hərəkətləri sonrakı günlərdə Azərbaycanın bir sıra bölgəsində davam etdi…
Azərbaycanın, xalqımızın günahı nə idi?! Günahımız erməni millətçi separatizminin respublikamızda baş qaldırmasına, Qorbaçovun Qarabağ kimi əzəli torpaqlarımızı əlimizdən alıb, Ermənistana verməsinə haqlı etiraz səsimizi ucaltmağımız, Moskvadan ədalət tələb etməyimiz idi.
Bizdən öncə Qazaxıstanda (1986-cı il) və Gürcüstanda (1989-cu il) etiraz dalğasını silah gücünə yatıran Qorbaçov və dəstəsi güman edirdi ki, Bakıda qəddar cinayət törətməklə xalqımızın gözünün odunu ala biləcək. Amma əksinə oldu.
Sovet hakimiyyətinin məzarının qazılmasının və onun tarixin zibilxanasına göndərilməsinin təməli məhz yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda qoyuldu. O gecəyə qədər SSRİ-ni özünə böyük vətən hesab edən azərbaycanlıların şüurunda köklü dönüş yarandı. Ölkəmizin dövlət müstəqilliyinin yenidən əldə olunması vətəndaş cəmiyyətinin əsas qayəsinə çevrildi.
Çox qısa müddətdə buna nail olduq. 1991-ci ilin oktyabrında həmin Böyük Gün gəlib çatdı. Amma müstəqil dövlətimizin erməni faşistlərindən qurtulması, suverenliyimizin, ərazi bütövlüyümüzün tam təmin olunması 30 ildən çox vaxt apardı.
Müstəqillik dövründə çox ağrılı, əzablı, kəşməkeşli yollardan keçdik, lakin Qarabağda inanılmaz qələbə qazandıq. Canından, qanından keçən şəhid və qazilərimizin sayəsində separatçıların yuvasını məhv etdik, Azərbaycanın Dövlət Bayrağını Şuşada və Xankəndidə ucaltdıq.
Azərbaycanın dövlət müstəqilliyinin bərqərar, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa olunmasını istəyən bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin arzuları indi gerçəyə çevrilib.
Bu il Şəhidlər Xiyabanının ziyarəti də fərqli olacaq. Müstəqilliyi ərazi bütövlüyünün tam bərpa olunması ilə möhkəmləndirilən ölkəmizin vətəndaşları 20 Yanvar şəhidlərini ziyarət edəcəklər. Qürurla və fəxarət hissi ilə!..
Allah ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin! Biz sizi heç bir vaxt unutmayacağıq!
Xatirə SADİQ,
KONKRET.az
