Son iki gün ərzində Rusiyanın müxtəlif vilayətlərində hərbi komissarlıqların inzibati binaları kütləvi şəkildə yandırılır. Məlum olub ki, bunu bir qrup telefon fırıldaqçıları törədir.
KONKRET.az Lenta.ru-ya istinadən xəbər verir ki, xaricdə olan fırıldaqçılar Rusiya təhlükəsizlik qüvvələrinin adından vətəndaşlara zəng edir və əvvəlcə onları maliyyə əməliyyatları aparmaq üçün manipulyasiya edirlər. Sonra da guya pulu qaytarmaq üçün onları inzibati binalara qarşı terror aktları törətməyə razı salırlar. Təkcə avqustun 1-də ölkə ərazisində 20-dən çox hərbi komissarlıq yandırılıb. Belə hallar Moskva, Sankt-Peterburq, Kaluqa, Kopeisk, Verxneuralsk, Mojaysk, Rossoş, Kazan, Omsk və Krımda qeydə alınıb. Maraqlıdır ki, adi təqaüdçülər və orta yaşlı qadınlar, kriminal aləmdən uzaq olan insanlar telefon fırıldaqçılarının təsiri altına düşürlər. Dindirilmə zamanı saxlanılanlar israrla bildirirlər ki, onlar FTX, Daxili İşlər Nazirliyi və ya Mərkəzi Bankın göstərişini yerinə yetiriblər.
İyulun 31-də Sankt-Peterburqda “VAZ-21099” markalı avtomobillə hərbi komissarlığa yaxınlaşan 53 yaşlı Peterburq sakini hərbi komissarlığa yaxınlaşıb, özü ilə gətirdiyi benzini binanın girişinə səpib və od vurub. Dərhal həmin adam həbs edilib və bildirib ki, iki həftə əvvəl messencerlə özünü Kolesnikov adıyla təqdim edən təhlükəsizlik işçisi ona izah edib ki, hərbi komissarlığın binasında Ukrayna ərazisinə göndəriləcək mühüm sənədləri yandırmaq lazımdır.
Daha sonra məlum olub ki, həmin gün Krımda 51 yaşlı müəllim hərbi komissarlığa “Molotov kokteyli” ataraq qaçmağa cəhd etsə də, saxlanılıb.
Avqustun 1-də Rusiyanın bir-neçə şəhərində oxşar hadisə törədilib. 70 yaşlı kişi Moskvada, 68 yaşlı kişi Saratovda, orta yaşlı qadın isə Stavropolda hərbi komissarlığı yandırmağa görə saxlanılıb. FTX-nin istefada olan generalı Aleksandr Mixaylov Lenta.ru-ya bildirib ki, son günlər bütün ölkəni bürüyən bu aksiya rusların psixo – emosional fonunu sarsıtmaq cəhdidir. Əvvəllər gənclərdən istifadə edilirdisə, indi təqaüdçülərə keçiblər.
Təqaüdçülər qeyri-sabit psixikaya sahibdirlər. Bəzi təqaüdçülərə borclarını silmək təklif olunur. Düşmən kim olursa-olsun, müharibədə rus ordusunun arxasını sarsıtmaq üçün hər cür vasitənin təsirli olduğuna inanır. Əvvəllər belə hallar daha çox Rusiya Federasiyası Cinayət Məcəlləsinin 167-ci maddəsi (“Əmlakı qəsdən məhv etmə və ya zədələmə”) ilə tövsif olunurdu və maksimum beş ilədək həbs cəzası nəzərdə tutulurdu. İndi yanğın törədənlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (“Terror aktı”) və 281-ci (“Sabotaj”) maddələri ilə məhkəməyə verilib. Ağırlaşdırıcı hallar olduqda, onları ömürlük həbs cəzası gözləyir.
Vəli Həsənov,
KONKRET.az
