“İbrahim razılaşmaları” genişlənir: Bu ölkələrə çağırış edildibackend

"İbrahim razılaşmaları" genişlənir: Bu ölkələrə çağırış edildi

ABŞ və İran arasında davam edən nüvə danışıqları fonunda Yaxın Şərqdə geosiyasi xəritəni kökündən dəyişdirə biləcək yeni diplomatik plan üzə çıxıb. Belə ki, Vaşinqton tərəfindən regional ərəb və müsəlman dövlətlərinin İsraillə münasibətləri normallaşdırmasını nəzərdə tutan layihənin miqyası genişləndirilir.

KONKRET.az xəbər verir ki, amerikalı nüfuzlu senator Lindsi Qrem ABŞ Prezidenti Donald Trampın bu istiqamətdəki yeni strategiyasını şərh edərək onun təklifini “dahi gediş” adlandırıb. Senator regional müttəfiqləri Ağ Evin planına tam dəstək verməyə səsləyib:

“Əgər İran münaqişəsinin dayandırılması ilə bağlı aparılan bu danışıqların yekununda regiondakı ərəb və müsəlman müttəfiqlərimiz ‘İbrahim razılaşmaları’na (Abraham Accords) qoşulmağa razı olsalar, bu, sözügedən sənədi Yaxın Şərq tarixinin ən əhəmiyyətli müqaviləsinə çevirəcək. Səudiyyə Ərəbistanı, Qətər və Pakistanın ‘İbrahim razılaşmaları’na daxil olması region və bütün dünya üçün nəhəng, transformasiyaedici dəyişikliklər gətirəcək. Bu, Prezident Tramp tərəfindən atılmış parlaq bir addımdır”.

Qrem rəsmi Ər-Riyada və digər regional paytaxtlara müraciət edərək, bu tarixi fürsətdən imtina etməyin gələcək münasibətlərə ciddi zərbə vura biləcək bir yanlış hesablama olacağını qeyd edib:

“Səudiyyə Ərəbistanına və digərlərinə müraciət edirəm: indi yeni Yaxın Şərqin gələcəyi naminə cəsarət nümayiş etdirməyin əsl vaxtıdır. Mən Prezident Trampın da nəzərdə tutduğu kimi, sizin həqiqətən ‘İbrahim razılaşmaları’na qoşulacağınızı və bununla da ərəb-İsrail münaqişəsinə faktiki olaraq son qoyulacağını gözləyirəm. Əgər Prezident Trampın təklif etdiyi bu yolla getməkdən imtina etsəniz, bu, bizim gələcək münasibətlərimiz üçün ağır nəticələr doğuracaq və sülh təklifini qeyri-məqbul edəcək. Üstəlik, tarix bunu böyük bir yanlış hesablama kimi qiymətləndirəcək”.

Senator ABŞ liderinə də çağırış edərək təkbaşına idarə etdiyi danışıqlarda mövqeyini qətiyyətlə qorunmasını, Səudiyyə Ərəbistanı və digər ölkələrin mütləq bu razılaşmalara qoşulması tələbində israrlı olmasını tövsiyə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*