backend

İcra başçıları: aralarında memar da var, ədəbiyyatçı da  

Konkret.az-ın şimal bürosunun müxbiri Cəlal Fərzəliyev Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən Rayon İcra Haklimiyyəti başçılarının ümumi xarakteristikasını verib. Maraqlı olduğu üçün dərc edirik.

Şəmsəddin Xanbabayev

Şəmsəddin Xanbabayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı

80 yaşı var. 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Tabeliyində olan rəhbər şəxslərlə adətən çox mülayim davranış sərgiləyir. Nadir hallarda səsini qaldırır. Şəmsəddin Xanbabayev ixtisasca memar olduğundan rayondakı tikililərin demək olar ki, hamısı onun layihəsi əsasında inşa olunur. Dəbdəbəni və təmtərağı sevmir. O, iş saatlarının çox az hissəsini iş otağında keçirir. Onu çox zaman rayonda aparılan tikinti-abadlıq işləri aparılan ərazilərdə görmək olur. Ş.Xanbabayev o icra başçılarındandır ki, vətəndaşlarla görüşməkdən yayınmır, yəni hər kəs istənilən vaxt maneəsiz onunla görüşə bilər. Buna baxmayaraq, başçı səyyar vətəndaş qəbullarına maraq göstərmir.

Şəmsəddin Xanbabayev boş vaxtlarında nərd oynamağı sevir. Və hələ ki, bu oyunda heç bir rəqibi onu üstələyə bilməyib.

Ziyəddin Əliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı

Ziyəddin Əliyev

63 yaşı var. O, 2017-ci ildən bu vəzifəyə təyin edilib. Ziyəddin Əliyevin gündəlik iş proqramının əsas hissəsi səyyar vətəndaş qəbullarında keçir. O da mülayim davranış tərzi ilə seçilən icra başçılarındandır. Amma rayonda Ziyəddin Əliyevin qəzəbinə tuş gəlib vəzifəsindən kənarlaşdırılan məmurlar da az deyil. Bu qətiyyətliliyin nəticəsidir ki, icra başçısı kimi rayonda bir çox irimiqyaslı layihələri reallaşdırmağı bacarıb. Belə ki, az bir  müddətdə rayon ərazisində asfalt üzü görməyən qəsəbə və məhəllə yolları demək olar ki, tamamilə yenilənib. O hətta hesabat iclaslarının birində belə bir ifadə də işlətmişdi ki, “Nə probleminiz olsa da, yol probleminiz olmayacaq”.

Ziyəddin Əliyev də həmkarı Ş.Xanbabayev kimi güclü nərd oynamağı bacarır.

Şair Alxasov

Şair Alxasov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı.

61 yaşı var. Şimal regionunun ən sərt və ən xarizmatik icra başçısıdır. Tabeliyində olan məmurlara qarşı çox tələbkardır. Onun sözünə etinasız yanaşan məmur tezliklə kreslosu ilə vidalaşır. Bəhanələri dinləməyən Alxasovun məşhur ifadəsi də var: “Bacarırsan adam kimi işlə, bacarmırsan çıx get”.

Şair Alxasov zarafat etməyi sevməyən başçı kimi də xarakterizə edilə bilər. Sərt təbiətilə yanaşı fiziki baxımdan da güclü təsir bağışlayır. Təmizlik başçının ən çox diqqət etdiyi, nəzarətdə saxladığı məsələlərdəndir. Bu istiqamətdə Qusarı az qala bütün ölkədə nümunə olacaq səviyyəyə çatdırıb. Başçının səyləri nəticəsində şəhərin infrastrukturu da təmizliyi qədər gözoxşayandır. Şəhərdə kommunal xidmət sahələrinə də birbaşa başçı özü nəzarət edir.

Şair Alxasov jurnalistlərdən də yayınmır və onun ən məşhur sözlərindən biri də məhz jurnalistlər barədə olub:  “Jurnalistlə dost olmaq pələngi qucaqlamağa bərabər bir işdir. Nə qədər yaxınlıq edib dost olsan da, əvvəl-axır bir gün yazacaq”.

 

Novruz Novruzov

Novruz Novruzov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı

65 yaşı var. İcra başçıları arasında ədəbiyyata bağlılığı ilə seçilir. Novruz Novruzov iş saatlarının əksər hissəsini kabinetində keçirməyi sevir. Çox nadir hallarda sakinlərlə görüşməyə maraq göstərir. Bu

səbəbdən də rəhbərlik etdiyi rayonlarda səyyar vətəndaş qəbullarına maraq az olub. Ədəbi məclislər Novruz Novruzovun ən şox sevdiyi tədbirlər sırasındadır.

O da digər həmkarları kimi nərd oynamağı sevir, amma çox zəif oyunçu olduğu da sirr deyil.

Asif Hüseynov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı

Asif Hüseynov

38 yaşı var. Ölkənin ən gənc icra başçılarından sayılsa da,  işgüzar və bacarıqlı kadr kimi tanınıb. Şabrana icra başçısı təyin edilməzdən əvvəl o, Siyəzən rayonuna rəhbərlik edib. Həm Siyəzəndə, həm də Şabranda onun tabeliyində çalışan idarə və müəssisə rəhbərləri onun ən rahat icra başçısı olduğunu deyirlər. Asif Hüseynov auditoriya qarşısında danışmağı sevmir. Buna görə də o, dövlət  və rayon tədbirləri xaric heç vaxt genişmiqyaslı toplantılar və iclaslar keçirmir. İclaslardan çox işə vaxt sərf etməyi üstün tutan başçının bir şüarı var: “Yetər ki, hamı öz sahəsində işini qaydasında görsün”.

Asif Hüseynov icra başçıları arasında güclü şahmatçı kimi də tanınır.

Hazırladı: Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*