İyunun 18-də saat 01 radələrində Nərimanov rayon ərazisində paytaxt sakini 1969-cu il təvəllüdlü Qəhrəman İmanov idarə etdiyi “Azsamand” markalı 99-GV-137 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nərimanov Rayon Prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilas etmə qüvvələri tərəfindən sıxılı vəziyyətdə qalan Q.İmanovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
