Son dövrlərdə sosial şəbəkələrdə süni intellekt texnologiyalarının imkanları sürətlə genişlənir və bu yeniliklər bəzən cəmiyyətin həssas mövzularına da toxunur. Xüsusilə, vəfat etmiş insanların foto və videolar vasitəsilə “yenidən canlandırılması” həm maraq, həm də narahatlıq doğuran trendlərdən birinə çevrilib. Bu cür paylaşımlar bəziləri üçün xatirələrin yaşadılması kimi qəbul olunsa da, digərləri tərəfindən etik və dini baxımdan ciddi suallar doğurur.
Bəs süni intellekt vasitəsilə vəfat etmiş insanların “dirildilməsi” İslam dininə görə caiz hesab olunurmu?
Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında sərt mövqe ortaya qoyub.

“Süni intellekt vasitəsilə ölmüş insanların dirildilmə səhnələrinin canlandırılması günah və hətta küfr hesab oluna bilər. Bu cür yanaşma Allahın işinə müdaxilə kimi qiymətləndirilir və İslamda bu, böyük qəbahət sayılır.
Dirilişin hansı formada baş verəcəyi nə elmi, nə də dini baxımdan tam məlum deyil. Müqəddəs kitab Quran bu barədə yalnız məhdud məlumat verir. Axirət aləminə aid hadisələri dünya meyarları ilə təsvir etmək düzgün deyil və bu, insanlarda yanlış təsəvvür yaradır”.
İlahiyyatçı əlavə edib ki, Qurana görə günahkar və imansız şəxslər axirətdə əzab çəkəcək, savab qazananlar isə xoşbəxtlik içində olacaqlar.
“Lakin süni intellekt vasitəsilə hər kəsin eyni formada təqdim olunması ilahi həqiqətlərin təhrif olunmasına gətirib çıxarır. Bu cür vizuallaşdırmalar yalnız dini baxımdan deyil, etik cəhətdən də qəbuledilməzdir. Vəfat etmiş şəxslərin bu şəkildə təqdim olunması onların xatirəsinə hörmətsizlik kimi qiymətləndirilməlidir”.
Qeyd edək ki, son dövrlər sosial şəbəkələrdə süni intellekt texnologiyaları vasitəsilə dünyasını dəyişmiş insanların “canlandırılması” geniş yayılıb və bu tendensiya cəmiyyətdə müxtəlif reaksiyalar doğurmaqdadır.
Aynurə İsmayıl
KONKRET.az
