İlham Əliyevə güclü rəqib kimdir? – ƏTRAFLIbackend

İlham Əliyevə güclü rəqib kimdir? – ƏTRAFLI

Prezident seçkiləri ərəfəsində hər kəsi düşündürən bir sual var: İlham Əliyevə güclü rəqib kimdir? Gəlin, cavab verməkdə tələsməyək. İlk növbədə bir məsələnin üzərində dayanaq ki, İlham Əliyevə rəqib olmaq üçün parlamentin cəmiyyətdə tanınmış üzvləri öz namizədliklərini irəli sürüb. Məsələ burasındadır ki, əvvəlki seçkilərdə də belə olub. Təxminən eyni adamlar namizədliklərini irəli sürüb və məğlubiyyətdən sonra İlham Əliyevi qələbə münasibətilə təbrik ediblər.

Bəzən cəmiyyətdə belə fikir də formalaşır ki, millət vəkilləri uduzacaqlarını bilə-bilə nə üçün bu yeknəsəq addımlarından yorulmurlar? Əlbəttə, burada bir çox arqumentlər meydan sulaya bilər. Radikallar məsələni belə izah edirlər ki, guya namizədliklər görüntü xətrinə qeydə alınır. Təbii ki, belə fikirlər populyar olsa da, əsassızdır. Əvvəla, bu ştrixə diqqət yetirməliyik ki, seçkilərin əvvəlki nəticələrinə görə, seçicilərin heç 0,1 faizi onlara səs vermir.

Yəni deputatların heç sürücüləri və köməkçiləri də onları prezident kürsüsündə görməyi xəyallarından belə keçirmir. Artıq onlar populist çıxışları ilə də gündəm ola bilmir. Ona görə də həmin namizədlərin seçkilərə münasibətlərini başqa prizmadan şərh etmək lazımdır.

Gəlin ondan başlayaq ki, hər kəsin qanunla müəyyən olunmuş qaydada prezident seçkilərində seçib-seçilmək hüququ var. İndi Fazil Mustafa, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Zahid Oruc bu hüquqdan, yəni seçilmək hüququndan yararlanmaqla cəmiyyətə bu mesajı həvəslə ötürür. İkincisi, cənab namizədlər reallığı bilsələr də, ənənəvi yanaşmaları ilə sabit siyasi sistemin bir hissəsi olduqlarını bir daha yada saldılar. Son detalın müsbət cəhətlərindən biri odur ki, həmin sistem qloballaşan dünya ilə ayaqlaşmağı bacarır, dövlətin qarşısında duran vəzifələrin ardıcıl həyata keçməsini təmin edir. Məsələn, Qüdrət Həsənquliyev təkcə namizədliyini irəli sürməklə deyil, hətta partiyasının adını dəyişməklə cəmiyyətə mesaj ötürməyə çalışdı ki, ölkədə ədalət, insan haqları, demokratiya sahəsində ciddi islahatlar aparılmalıdır. Haqlıdır. Amma Həsənquliyev özü də bilir ki, ölkədə dərin islahatlar yalnız Qarabağı işğaldan azad edən strateq İlham Əliyevin iradəsi ilə həyata keçirilə bilər. Çünki onun zəngin dövlətçilik təcrübəsi, böyük siyasi nüfuzu, uzaqgörən strategiyası və güclü komandası var. Və Azərbaycanda fərdi qaydada ağıllı siyasətçilər olsa da, İlham Əliyevə tən olmadıqlarını yaxşı anlayırlar.

Deməli, bu seçkilərdə namizədlər dolayısı ilə İlham Əliyevin ideologiyasının daşıyıcılarıdır və tezisləri bu yolla da cəmiyyətə ötürürlər. Tarixə adını Müzəffər Ali Baş Komandan kimi yazdıran İlham Əliyev isə özünü reklam etmədən ölkə və xalq qarşısında əvəzsiz xidmətləri və yorulmaz fəaliyyəti ilə seçkilərə rəqibsiz gedir. Namizədlərsə növbədənkənar seçkilərdə bu nəhəng dövlət adamının rəqibi yox, dolayısıyla siyasi dəstəkçiləridir. Bu kontekstdə ən doğru addımı seçkilərdə İlham Əliyevə açıq şəkildə dəstək verməklə İqbal Ağazadə ilə Əli İnsanov atdı. Çünki məhz bu qətiyyətli sərkərdənin sayəsində Azərbaycan öz suveren hüquqlarını tam bərpa edib. Ölkədə 30 ilə yaxın dövr ərzində həllini gözləyən problemlər çözülüb. Bu da girişdə verdiyimiz sualın konkret cavabıdır: İlham Əliyevə güclü rəqib yoxdur!

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*