İllik ödənişi 61 min manat olan özəl məktəblər – Fantastik qiymətlərbackend

İllik ödənişi 61 min manat olan özəl məktəblər - Fantastik qiymətlər

“Biz dünyanın bir parçasıyıq və Beynəlxalq Təhsil Günü də BMT-nin qərarına uyğun olaraq keçirilir. Nəyə görə bəs biz bu günü qeyd etməyək?” 

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib.

Mütəxəssis ölkə təhsilində baş verən problemlərdən, eləcə də illiyi fantastik məbləğlərlə ölçülən özəl təhsil müəssisəsilərinin fəaliyyətindən söz açıb.

E.Qafarova görə, hazırda ölkədə bütün çatışmazlıqlara rəğmən, Azərbaycan PISA (Beynəlxalq Tələbələrin Qiymətləndirilməsi Qaydası – red.) qiymətləndirməsinə görə, təhsildə çox sürətlə irəli gedən ölkələrdən biridir:

“PISA qiymətləndirməsində analiz aparanlar bildiriblər ki, bu günə qədər heç bir ölkədə bu qədər sürətli irəliləyiş yoxdur. PISA qiymətləndirməsində biz öndə olan Finlandiya, Sinqapur və Cənubi Koreyaya nisbətən çox geridəyik, amma bizim çox böyük naliyyətlərimiz var.

Azərbaycandakı təhsil islahatlarına gəldikdə isə dünyanın istənilən ölkəsində təhsildə islahatlar mövcuddur və bu, dayana bilməz. Nə qədər ki münasibətlər, əlaqələr var, deməli, təhsil sahəsində də mütləq islahatlar getməlidir”.

Müsahibimiz deyib ki, bu gün biz təhsilimizdəki vəziyyətlə razıyıq-razı deyilik, artıq burada subvektiv yanaşma cəhətdən hər kəs özünə görə cavab verəcək:

“Amma obyektiv baxımdan bildirirəm ki, müəyyən irəliləyişlər var və tamamilə demək olmaz ki, heç nə yolunda deyil. Bu islahatların tempindən, miqyasından, nəticələrindən tam razıyıqmı, bu da başqa bir sualdır”.

Özəl təhsil müəssisələrinin təhsilhaqqı qiymətlərindən söz açan həmsöhbətimiz vurğulayıb ki, ölkədə elə özəl məktəblər var ki, orada illik ödəniş 40-60 min manatdır:

“Mən burada özəl orta ümumtəhsil məktbələrindən danışıram. Onlar beynəlxalq proqramla təhsil verirlər və özəl təhsil müəssisəsidirlər. Özəl təhsil müəssisəsi də qanunvericiliyə görə, özü öz qiymətini müəyyən edir. O 100 min də qoya bilər və ona qarşı heç bir qanuni məhdudiyyət yoxdur.

Beləliklə də, həmin məktəblərlə valideynlər arasındakı münasibətlər müqavilə əsasında tənzimlənir. Təbii ki, vətəndaş görür ki, bunun qiyməti 40-50 mindir və o da bununla razılaşaraq, övladını oraya qoyur.Oradakı təhsilin səviyyəsindən və keyfiyyətindən də razıdır ki, istəyir övladı orada oxusun”.

Mütəxəssin fikrincə, dövlət məktəblərindəki təhsil səviyyəsi isə başqa bir müzakirə mövzusudur:

“Biz bu sahədə çox ciddi işlər görməliyik. Çünki ölkədə 100-dən bir qədər artıq özəl təhsil müəssisəsi var. Lakin bizdə 4.432 dövlət ümumtəhsil müəssisəsi mövcuddur. Dövlət ümumtəhsil məktəblərində təhsilin, idarəetmənin keyfiyyəti, bütün fəalliyətlər, valideynlə məktəb arasındakı münasibətlər tənzimlənməlidir. Görüləcək işlər çoxdur”.

O, düşünür ki, bu il Azərbaycanda “Təhsil ili” olacaq:

“Doğrudur, bu il “Heydər Əliyev ili”dir, amma mənə elə gəlir ki, bu ildə təhsil sahəsində də güclü islahatlar olacaq. Eləcə də Elm və Təhsil Nazirliyinin əsasnaməsi təsdiq olunduqdan sonra bizdə çox ciddi dəyişikliklərin olması gözlənilir. Bunlar da Azərbaycan təhsilində bu gün narazı olduğumuz, yaxud gördüyümüz neqativ proseslərin böyük bir hissəsini aradan qaldıracaq. Mən 2023-dən çox şey gözləyirəm”.

Özəl təhsil müəssisəsilərində oxuyan uşaqların milli dəyərlərdən uzaqlaşması barəsində səslənən ittihamları isə təhsil ekperti qəti surətdə rədd edib:

“Hazırda informasiya nəslidir və assimilyasiya prosesi gedir. Kiçik xalqlar böyük, böyük xalqlar isə daha böyük xalqlar tərəfindən assimilyasiya olunur və get-gedə dillər və mədəniyyətlər aradan qalxır. Etno mədəniyyətlər dediyimiz, əsrlər boyu formalaşmış yerli mədəniyyətlər, adət-ənənələr artıq aradan qalxmağa başlayır. Səbəb isə informasiya və internet əsrinin olmasıdır. Burada xüsusi heç nə yoxdur. Əksinə, hamı istəyir ki, övladlarında milli adət-ənənələri qoruyub saxlasın, amma bu, informasiya əsridir, təbii bir prosesdir və qarşısını almaq mümkün deyil. Yubatmaq olar, amma qarşısını almaq mümkünsüzdür”.

Sonda Yenisabah.az Azərbaycanda fəaliyyət göstərən bəzi özəl orta ümumtəhsil məktəblərin illik təhsilhaqını təqdim edir. Qeyd edək ki, aşağıdakı göstərilən məbləğlər 2019-cu ilə aiddir.

Müasir Təhsil Kompleksi: 

Azərbaycan bölməsi- 12 000 AZN

Xarici bölmə- 16 000 AZN

Bakı Oksford Məktəbi

11 800 AZN- 14 160 AZN arasında dəyişir

ABC – Azərbaijan British College

İbtidai təhsil– 15 400 AZN

Orta təhsil – 16 400 AZN

“XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya mərkəzi

Azərbaycan bölməsi – 8000 AZN

Rus bölməsi- 10 000 AZN

İngilis dili- 12 000 AZN

Avropa Azərbaycan Məktəbi 

Məktəbəqədər hazırlıq – 7250 AZN

1-4-cü siniflər- 9950 AZN

5-9-cu siniflər – 12 000 AZN

10-11 siniflər- 14 000 AZN

 Xəzər Universitetinin “Dünya məktəbi”

Azərbaycan, Rus bölmələri üçün

1-9-cu siniflər- 7500 AZN

8-ci sinif- 8000 AZN

9-11-ci siniflər- 8500 AZN

İngilis dili bölməsi üçün

1-4-cü siniflər- 9500 AZN

5-9-cu siniflər- 11 000 AZN

Azərbaycan Beynəlxalq Məktəbi (“TISA International School of Azerbaijan”) 

P1– 11 480 $

P2– 23 880 $

P3-P8– 36 000 $ (61 min AZN)

M1-M5– 36 000 $

DP1-DP2- 36 000 $

Baku modern school (MİL lisey)

Azərbaycan bölməsi:

1-4 siniflər- 8500 AZN

5-8 siniflər- 10 000 AZN

9-11 siniflər- 13 000 AZN

İngilis dili:

1-4 siniflər- 10 000 AZN

5-8 siniflər- 13 000 AZN

9-11 siniflər- 15 000 AZN

 Oxbridge Academy 

1-6 sinif- 6 500 USD

7-9 sinif – 7 800 USD

10-11sinif– 9100 USD

12-13 sinif – 11 700 USD

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*