Ali Məhkəmədə insan alverində təqsirləndirilən G.Karavuşun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: G.Karavuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 144-1.2.2-ci (insan alveri), 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib. Məhkəmənin hökmünə əsasən, ona 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilib. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrini tətbiq etməklə həmin cəzanı şərti hesab edib və qadın barəsində 2 il sınaq müddəti müəyyənləşdirib.
Bundan sonra – 29 dekabr 2025-ci ildə Ərizəni G.Karavuş Gəncə Şəhər Məhkəməsinə ərizə ilə müraciət edib. O, müraciətində ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsini xahiş edib. Lakin Gəncə Şəhər Məhkəməsinin 23 yanvar 2026-cı il tarixli qərarı ilə məhkumun ərizəsi təmin edilməyib. Bundan narazı qalan qadının müdafiəçisi apellyasiya şikayəti verib.
Şikayətdə Gəncə Şəhər Məhkəməsinin qərarının ləğv edilməsi və G.Karavuşun ərizəsinin təmin olunması xahiş edilib. Gəncə Apellyasiya Məhkəməsinin 6 mart 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.
Daha sonra G.Karavuş apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verib. Kassasiya şikayətində məhkum apellyasiya şikayətində göstərdiyi arqumentləri təkrarlayıb.
O bildirib ki, məhkəmələr ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı ərizəsinə baxarkən bir sıra mühüm halları nəzərə almayıblar. G.Karavuş xüsusilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsini və hazırda azadlıqda olmasını əsas gətirib.
Bundan başqa, onun himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğu qeyd edilib. Kassasiya şikayətində həmçinin G.Karavuşun övladının Türkiyə Respublikasında qəyyumluq orqanında yerləşdirildiyi bildirilib.
Qadının sözlərinə görə, onun ölkədən çıxışına ehtiyac məhz övladının öz himayəsinə qaytarılması ilə bağlı yaranıb. Bu səbəbdən o, ölkədən gedib-gəlməsi üçün müvafiq icazənin alınmasının vacib olduğunu qeyd edib.
G.Karavuş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 6 mart 2026-cı il tarixli qərarının ləğv edilməsini və ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsini xahiş edib.
