İnsan özünü düşündüyündən daha güclüdür: xarakter, seçim və məsuliyyət haqqında dialoqbackend

İnsan özünü düşündüyündən daha güclüdür: xarakter, seçim və məsuliyyət haqqında dialoq

Müəllifi Erix fon Umbekante olan bu dialoq çox düşündürücüdür. Əsərin əsas fəlsəfəsi budur: İnsan özünü yalnız zəiflikləri, qorxuları və uğursuz vərdişləri ilə müəyyən etməməlidir. Çünki onda təslim olmaq da, mübarizə aparmaq da; məsuliyyətdən qaçmaq da, onu qəbul etmək də mümkündür. Əsas məsələ hansı davranışı seçdiyimizi dərk etməkdir.

Bir sözlə, insan xarakterinin əsiri deyil. O, hər gün öz davranışları ilə kim olduğunu yenidən müəyyənləşdirir.

KONKRET.az həmin dialoqu təqdim edir:

— Mən infantilam.

— Bu, kifayət qədər yetkin etirafdır.

— Məsuliyyət götürməkdən qorxuram.

— Hər kəs öz qorxusunu etiraf etməyə cəsarət etmir.

— Heç bir işi axıra çatdırmıram.

— Marağınızı itirəndə başqa işə keçməyi bacarırsınız.

— Hətta sizinlə də çətin ki, söhbəti hansısa nəticəyə çatdıraq.

— Siz yaxşı proqnoz verməyi bacarırsınız.

— Yəni mən ümidsizəm?

— Siz artıq vərdişlərinizin sizi həmişə eyni nöqtəyə qaytardığını fərq etmisiniz.

— Məni belə yaradıblar.

— Siz başqa insanların təsirinə açıq olduğunuzu qəbul edirsiniz.

— Bəs mənə kömək edəcəksiniz?

— Siz kömək istəməyi bacarırsınız.

— Siz yenə də sualıma cavab vermədiniz!

— Həm də israrlısınız.

— Deməli, cavabınız «yox»dur?

— Siz münaqişəni qızışdırmağa hazırsınız.

— Bəs onda mən nəyə görə pul ödəyirəm?

— Siz sərmayə qoyduğunuz hər şeyin qarşılığını dərhal tələb edirsiniz.

— Və bunda nə var?

— Cəmi bir neçə dəqiqəlik söhbət ərzində yetkinlik, cəsarət, tələbkarlıq, dürüstlük və müşahidə qabiliyyəti nümayiş etdirdiniz.

— Bəs bütün bunlar mənim real həyatımda haradadır?

— Siz özünüzdə bir ziddiyyət aşkar etdiniz.

— Əlbəttə! Əgər mən bu keyfiyyətləri həyatda da göstərə bilsəydim, hər şey tamam başqa cür olardı!

— Deməli, həyatınızın necə dəyişəcəyinin məhz sizin davranışınızdan asılı olduğunu anladınız.

— Bu, onsuz da aydındır.

— Və siz bunu bir daha təsdiqlədiniz.

— Bəs bu keyfiyyətləri necə daha tez-tez nümayiş etdirə bilərəm?

— Siz artıq onların sizdə mövcud olduğunu və özünü göstərdiyini qəbul etdiniz.

— Axı bunu elə özünüz dediniz! Mən bu keyfiyyətləri indicə nümayiş etdirdim.

— Və siz də bununla razılaşdınız.

— Amma siz yenə də əsas sualıma cavab vermədiniz: bu keyfiyyətləri necə daha tez-tez göstərə bilərəm?

— Siz sualınızdan əl çəkməyərək yenidən israrlılıq nümayiş etdirdiniz.

— Bəs bunun mənə nə faydası var?

— Siz dönə-dönə israr etməyi bacarırsınız.

— Amma mən çox vaxt yarı yolda təslim oluram!

— Deməli, hər iki davranış forması sizə əlçatandır.

— Elə bir yol yoxdur ki, seçim etmək məcburiyyətində qalmayım?

— Siz hətta məqsədlərinizə çatmaq naminə seçim azadlığınızdan imtina etməyə hazırsınız.

— Sadəcə, çətinlikləri sevmirəm.

— Siz ağıllı insansınız.

— Amma bu ağıllılıq da çox vaxt işləri yarımçıq qoymağıma səbəb olur!

— Siz hadisələr arasındakı əlaqələri görməyi bacarırsınız.

— Deməli, israrlı olmaq üçün çətinliklərdən qorxmamaq lazımdır…

— Bəli. Üstəlik, siz bunu vaxtaşırı bacarırsınız.

— Yəni mən artıq çətinliklərin üzərinə gedirəm?

— Siz öz gücünüzü tanımağa başlayırsınız.

— Amma mən zəif insanam!

— Sizdə zəiflik də var.

— Axı insan eyni zamanda həm güclü, həm də zəif ola bilməz!

— Siz artıq əsas açarı tapmağa yaxınsınız.

— Deməli, növbə ilə həm güclü, həm də zəif ola bilərəm?

— Siz təkcə sual verməyi deyil, cavab tapmağı da bacarırsınız.

— Yəni bütün bu keyfiyyətlər məndə var?

— Deyəsən, qanunauyğunluğu artıq anladınız.

— Deməli, mən müxtəlif vəziyyətlərdə fərqli cür davrana bilirəm və sadəcə, istədiyim keyfiyyətləri daha tez-tez nümayiş etdirməliyəm…

— Bu, mühüm kəşfdir.

— Bəs mən çatışmazlıqlarımdan heç vaxt qurtula bilməyəcəyəm?

— Seçim azadlığınızdan heç vaxt tamamilə imtina edə bilməyəcəksiniz.

— Deməli, seçim həmişə mənim ixtiyarımdadır?

— Düzgün düşünürsünüz.

— Yəni bu dəqiqə infantilliyi, yoxsa yetkinliyi nümayiş etdirmək mənim öz seçimimdir?

— Hər saniyə.

— Amma bu, böyük məsuliyyətdir!

— Bəli. Siz bütün ömrünüz boyu bu məsuliyyəti daşımısınız və hələ də daşıyırsınız.

— Bəs xarakter necə? Axı insanın xarakteri var.

— Siz indicə onun dəyişməzliyi fikrini şübhə altına aldınız.

— Deməli, bunlar mənim avtomatik nümayiş etdirdiyim xüsusiyyətlərdir?

— Daha doğrusu, siz avtopilota etibar edərək yaşamağa öyrəşmisiniz.

— Amma seçim etmək imkanım həmişə var?

— Siz artıq hər şeyi anladınız.

— Bunu bir az həzm etmək lazımdır.

— Siz yenə də müstəqil düşünmək qabiliyyətinizi nümayiş etdirdiniz…

Hazırladı: Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*