Pentaqon ABŞ və Kanada arasında münasibətlərin pisləşməsi fonunda amerikalı hərbçilərin kanadalı həmkarları ilə qeyri-rəsmi ünsiyyətinə və birgə ictimai tədbirlərdə iştirakına məhdudiyyət qoyub.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Müvafiq memorandumun imzalandığını sənədlə tanış olan senator Mayk Raunds açıqlayıb.
Onun sözlərinə görə, göstəriş iki ölkənin hərbçiləri arasında rəsmi hərbi fəaliyyət qaydalarına şamil edilmir.
Məhdudiyyət yalnız ictimai tədbirlərə və qeyri-rəsmi əlaqələrə aiddir.
Kanadanın müdafiə naziri Devid MakGinti də belə bir sənədin mövcudluğunu təsdiqləyib. Bununla belə, o, qərarın iki ölkənin hərbi qüvvələri arasında əməliyyat əməkdaşlığına təsir göstərmədiyini bildirib.
ABŞ senatoru, demokrat Kris Kunz isə qərarı tənqid edib:
“Bu, öz qapımıza qol vurmaqdır. Şadam ki, bu qərar əməliyyat idarəçiliyinə ciddi təsir göstərməyəcək”, – deyə o bildirib.
NYT-nin yazdığına görə, son iki ildə ABŞ hakimiyyəti öz hərbçilərinin Halifax Beynəlxalq Təhlükəsizlik Forumunda iştirakına da icazə verməyib.
Qeyd edək ki, Vaşinqtonla Ottava arasında münasibətlər ticarət müharibəsi və ABŞ Prezidenti Donald Trampın Kanadanın 51-ci ştata çevrilə biləcəyi ilə bağlı açıqlamaları fonunda xeyli gərginləşib. Yaranmış vəziyyət iki ölkə arasında digər əməkdaşlıq istiqamətlərinə də təsirsiz ötüşməyib.
Günay Əli
KONKRET.az
